Federasiya Azərbaycan milli komandasına baş məşqçi tapdı - Borisovla anlaşma uzadılmayacaq

Federasiya Azərbaycan milli komandasına baş məşqçi tapdı - Borisovla anlaşma uzadılmayacaq

Azərbaycanın futzal üzrə milli komandası AVRO-2026-nın əsas seçmə mərhələsində çıxışlarını fiasko ilə başa vurdu.

Vitali Borisovun baş məşqçisi olduğu kollektiv Yunanıstan və İsveç kimi zəiflərin yer aldığı qrupun sonuncu pilləsindən qurtula bilmədi.

Azmış kimi, yığmamız bu iki rəqiblə keçirdiyi 4 görüşün heç birində qalib gələ bilmədi.

Ümumilikdə ardıcıl 15 oyundur qələbə üzünə həsrət qalan komandamız AVRO-2026-nın 5-ci qrupunda çıxdığı 6 matçın yalnız ikisində - Bakıda məhz adını çəkdiyimiz futzal "cırtdan"ları - Yunanıstan (2:2) və İsveçlə (3:3) heç-heçə etdi.

2 xalla qrupda sonuncu olan millimizin nəticələrindən narazı qalan Azərbaycan Futzal Federasiyasının rəhbərliyi çıxış yolunu Vitali Borisovla müqaviləni uzatmamaqda görür.

Tənqidlərdən qaçmaq və hədəfdən yayınmaq üçün. Federasiya rəhbərliyi Borisovun rəhbərlik etdiyi məşqçilər korpusu ilə gələn ay başa çatacaq anlaşmanı yeniləməyəcək.

AFF milli komandanı da qışda Bakıya gətirdikləri Yevgeni Kukseviçə həvalə etməyi planlaşdırır. Rusiyalı mütəxəssis bu ilin yanvarında "Araz-Naxçıvan" futzal klubunun baş məşqçisi təyin edilib.

Vitali Borisovun Kukseviçə köməkçi təyin olunacağı bildirilir.

Qeyd edək ki, yığmamızın son qalibiyyəti 2023-cü il sentyabrın 29-da dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Niderland üzərində olub.

Mediasport.com.az