Azərbaycanda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günüdür
Martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günüdür.
Əlamətdar gün Prezident İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən, ölkəmizdə hər il qeyd olunur.
Dünyanın qabaqcıl idman ölkələri sırasında qərarlaşmış Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Ulu Öndər 1995-ci il martın 5-də Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın əsasını qoyub.
Bütün sahələr kimi, idmana da xüsusi diqqət, qayğı, maraq göstərən dahi liderin təməlini qoyduğu inkişaf yolunu bu gün onun layiqli davamçısı, 1997-ci ildən Milli Olimpiya Komitəsinə rəhbərlik edən Prezident İlham Əliyev uğurla davam etdirir.
Geridə qalan bu illərdə Azərbaycanda çoxşaxəli, geniş platformalı idman infrastrukturu yaradılıb, ölkəmiz dünyaya çox sayda Olimpiya, dünya, Avropa çempionları bəxş edib. Təsadüfi deyil ki, Azərbaycanın adı bu gün beynəlxalq iman aləmində, xüsusən fərdi növlərdə dünyanın ən inkişaf etmiş respublikaları ilə yanaşı çəkilir.
Məhz bu uğurlarla əldə etdiyimiz nüfuz, etimad sayəsində hər il Azərbaycan müxtəlif idman növləri üzrə beynəlxalq yarışlara ev sahibliyi edir.
Son olaraq ötən il Azərbaycan idmançıları beynəlxalq yarışlarda 2113 medal qazanıblar. Onlardan 613-ü qızıl, 616-sı gümüş və 884-ü bürünc əyarlı olub.
2025-ci ildə də Azərbaycanda ənənəvi qaydada müxtəlif beynəlxalq və dünya səviyyəli yarışlar keçirilib.
Həmçinin, işğaldan azad edilmiş bölgələrimiz beynəlxalq səviyyəli yarışlara ev sahibliyi edib.
Ötən ilin ən yaddaqalan hadisələrindən biri Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları oldu. MDB-nin idman paytaxtı elan edilən Gəncə şəhəri mərkəz olmaqla, yarışlar ölkənin 7 fərqli şəhərində yüksək səviyyədə təşkil edildi.
Avropa İdman Paytaxtları və Şəhərləri Federasiyasının (ACES) qərarı ilə Bakı şəhəri 2026-cı il üçün "Dünyanın İdman Paytaxtı" elan edilib.
2026-cı il də ölkəmizin beynəlxalq idman mərkəzi statusu daha da möhkəmlənəcək. Bakıda 7 ildən sonra yenidən cüdo üzrə dünya çempionatı, o cümlədən Bədii gimnastika üzrə Dünya Kuboku, üzgüçülük üzrə "Silk Way" Dünya Kuboku, güləş üzrə yeniyetmələrin (U-17) dünya çempionatı, qadın voleybolçular arasında Avropa çempionatı kimi yarışlar keçiriləcək.
Mediasport.com.az
