Azərbaycanın 17 yaşlı güləşçisi Albaniyada Avropa çempionu oldu

Azərbaycanın 17 yaşlı güləşçisi Albaniyada Avropa çempionu oldu

Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-23 Avropa çempionatı davam edir.

"Mediasport" xəbər verir ki, Azərbaycanın qadın güləşçiləri mübarizəyə uğurla qoşulublar.

İki təmsilçimiz medal qazanıb, onlardan biri Avropa çempionu olub.

Yarışda debüt edən 17 yaşlı Günay Qurbanova 59 kq çəki dərəcəsində rəqib tanımayıb. Gənc güləşçimiz finalda italyan dünya və Avropa çempionu Avrora Russoya 4:0 hesabı ilə qalib gələrək qitə birinciliyinin qızıl medalını qazanıb.

50 kq-da yarışan Əsmər Cankurtaran isə bürünc mükafata yiyələnib. O, medal görüşündə türkiyəli Songül Kavaka şans verməyib - 9:3.

Bu gün daha üç idmançımız fəxri kürsüyə qalxa bilər.

Elnurə Məmmədova (53 kq) finalda rusiyalı Yekaterina Karpuşkinayla qarşılaşacaq.

Gültəkin Şirinova (57 kq) təsəlliverici görüşdə türkiyəli Əminə Çakmakla güləşəcək.

Ruzanna Məmmədova (65 kq) bürünc medal uğrunda Oleksandra Rıbak (Ukrayna) – Beyza Akkuş (Türkiyə) görüşünün qalibiylə gücünü sınayacaq.

Birgül Soltanova (62 kq) isə 1/4 finalda fransalı İris Tibuya məğlub olaraq mübarizəni dayandırıb.