Bölgə klubunun maliyyə problemləri HƏLL EDİLDİ
"Hazırda klubumuzun heç kimə borcu yoxdur".
"Mediasport" xəbər verir ki, bu sözləri "Sportinfo"ya açıqlamasında "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov deyib.
I Liqada mübarizə aparan klub aylardan bəri davam edən maliyyə çətinliyini yoluna qoyub. Məsələ rəhbərliklə çalışdırıcı arasında keçirilən görüşdə həllini tapıb.
Təcrübəli mütəxəssis ötən aylardan yığılan qalan problemlərin artıq arxada qaldığını bildirib:
"Mən sizin saytınız vasitəsilə onlara bir daha öz təşəkkürümü çatdırmaq istəyirəm. Sağ olsunlar, komandanın vəziyyətinə biganə qalmadılar və düzgün yanaşdılar.
Nə problem var idisə, hamısı həl olundu. Dekabrın ayının maaşları da yanvarın qarşıdakı günlərində ödəniləcək.
Bu dəqiqə elə komanda yoxdur ki, orada hansısa çətinlik olmasın. Biz möhkəm kollektivik. İlk gündən işimizin üstündə ciddi dayanmışıq.
Bu, dünən də belə olub, bu gün də belədir, sabah da belə olacaq. Rəhbərlik komandanın arxasındadır və ikinci dövrədə heç bir sıxıntımız olmayacaq.
Nə işlər görəcəyiksə, hamısını danışıb razılaşdırmışıq. Əsas maliyyə sabitliyinin yaranmasıdır, o da olacaq.
İndi bizim üçün bundan gözəl heç bir xəbər ola bilməz. Mən futbolçulara söz vermişdim ki, bütün işlərimiz qaydasına düşəcək.
Rəhbərliyimiz məni haqlı çıxardı. Biz də əlimizdən gələni edəcəyik ki, onların üzünü ağardaq".
Qeyd edək ki, "Mingəçevir" qış fasiləsinə 21 xalla 4-cü pillədə qərarlaşıb. Komanda lider "Şəfa"dan 9 xal geri qalır.
