Bu gün 8 idman növü üzrə yarışlar keçiriləcək - III MDB Oyunları

Azərbaycan ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunları davam edir.
"Mediasport" xəbər verir ki, bu gün yarışda 8 idman növü üzrə mübarizə olacaq.
Şəkidə çövkən yarışlarında Qırğızıstan millisi Küveytlə, Qazaxıstan Türkiyə ilə qarşılaşacaq.
Gəncə İdman Sarayında üzgüçülüyün beşinci - sonuncu yarış gününün mükafatçıları müəyyənləşəcək.
Yevlax Olimpiya İdman Kompleksində boks yarışlarının 1/4 və yarımfinal qarşılaşmaları reallaşacaq. İdmançılar 46, 48, 50, 52, 54, 57, 60, 63 və 66 kq çəki dərəcələrində mübarizə aparacaqlar.
Qəbələdə badminton üzrə qarışıq komanda növündə sonuncu final görüşü baş tutacaq.
Batut gimnastları Şəkidə məharətlərini göstərəcəklər. Sözügedən idman növündə qaliblər müəyyənləşəcək.
Xankəndidə tamaşaçılar kamandan oxatma yarışına şahidlik edəcəklər. Ümumilikdə bu yarış 4 gün davam edəcək.
Həmçinin bu gün Gəncə İdman Sarayında qılıncoynatma yarışı start götürəcək. İlk gündə kişi idmançılar qüvvələrini sınayacaqlar.
Xatırladaq ki, III MDB Oyunları Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə təşkil olunur.
Yarışın bağlanış mərasimi oktyabrın 8-də Gəncə şəhər stadionunda baş tutacaq.
Oyunlara 13 ölkədən 1624 idmançı və 2337 nümayəndə qatılıb.
Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir.