"Qarşıda iki oyunumuz var, amma pley-off şansımız qalmayıb"

"Qarşıda iki oyunumuz var, amma pley-off şansımız qalmayıb"

"Qələbə qazanmaq istəyirdik. Təəssüf ki, cari mövsümdə keçirdiyimiz ən yaxşı oyunu xalsız başa vurduq.

“Mediasport” xəbər verir ki, bu sözləri Azərbaycan millisinin futzalçısı Tofiq Mkayılov deyib.

O, AVRO-2026-nın əsas mərhələsində Yunanıstan səfərindəki məğlubiyyət haqda danışıb.

“Düzdür, start yaxşı alınmadı, erkən qol buraxdıq. Ancaq sonra oyuna nəzarət tamamilə komandamızda idi. Hətta görüşün statistikasına baxsaq, rəqibin qapımıza 4 zərbə endirdiyini görərik. Bu göstərici hansı üstünlüyə sahib olduğumuza işarədir. Komanda olaraq yaxşı oynadıq, təəssüf ki, kobud səhvlər buraxdıq. Rəqib, demək olar ki, hər səhvdən yararlandı. Biz isə çoxsaylı qol epizodlarını məntiqi sonluğa çatdıra bilmədik”.

Futzalçı rəqibdən üstün oyun nümayiş etdirdiklərini bildirib:

"Razıyam, tarixdə nəticə qalır, matç başa çatdıqdan sonra azarkeş tablodakı hesaba baxır. Üç xalı da həmin qələbə sayəsində hesabına yazdırırsan. Yəni biri var, pis oynayıb uduzursan, bu qanunauyğunluqdur, insanı yandırmır. Biz isə yaxşı oynadıq, hətta bu komandaya qarşı Bakıdakı duellə müqayisədə üstün oyun nümayiş etdirdik. Təəssüf ki, cari mövsümdə keçirdiyimiz ən yaxşı oyunu xalsız başa vurduq. Qarşıda iki oyunumuz var, amma pley-offa yüksəlmək şansımız qalmayıb. İndi reytinq xalları toplamaq üçün mütləq qələbə qazanmalıyıq. Heyətimizdə gənclər var, bu cür oyunlarda “bişirlər”.

Qeyd edək ki, Yunanıstan - Azərbaycan görüşü 3:2 hesabı ilə rəqibin xeyrinə başa çatıb və millimiz pley-off şanslarını itirib.