Kaxa manipulyasiya edir, yoxsa həqiqətən günah rəhbərlikdədir?

Gələnlər: Prins Ovusu, İsaak Amoah, Paulo Quimbuila, Adirel Ba Lua, Salihu Nasiru, Eduardo Kunde, İbrahim Sanqare, Xayme Syerra, Rüfət Əhmədov ("Turan Tovuz", icarə), Jando Fuş;
Gedənlər: Emil Süleymanov ("Şamaxı", icarə), Müşviq Nadirov, Samir Həsənov, Ruslan Voronsov, İbrahim Ramazanov, Oçe Oçoveçi, Elvin Yunuszadə, Urfan İsmayılov, Abdullahi Şuaybu;
Bu, yenidən Premyer Liqada çıxış edən "Qəbələ"nin yay transfer dönəmindəki fəaliyyətinin rəsmi xronikasıdır.
Kaxaber Çxadadzenin baş məşqçi postunda olduğu müddətdə edilmiş transferlər və göndərilmiş futbolçuların siyahısı qısa deyil - 10 yeni gələn varsa, 9-u da düşərgədən göndərilib.
Təbii ki, gürcüstanlı mütəxəssisin razılığı ilə.
Şübhəsiz, komandaya gələnlər də qapıdan içəri ondan iznsiz buraxılmayıblar.
Bəs o zaman 7 oyuna 4 xalla tam autsayderlər qrupunda qərarlaşmış komandanın baş məşqçisinin yavaş-yavaş günahı üzərindən atmaq kampaniyasına start verməsi nəyin əlamətidir? Komandanın heyətinin çox bərbad və keyfiyyətsiz futbolçulardan təşkil olunub görüntüsü yaratmağa başlayıb sanki.
Olmaya, gürcü vəziyyət gərginləşdikcə "qurban keçisi" axtarır? İnişil verdiyi açıqlamalar kimi. Unutmamışıq - "Qəbələ" Elmar Baxşıyevin istefasının ardından - Kaxanın ixtiyarına veriləndən bir neçə həftə sonra verdiyi analoji açıqlamlar - daha doğrusu, mədəni təhqirlərlə futbolçuların səviyyəsinin çox aşağı olmasına dair fikirləri gündəm olmuşdu.
İndi də eyni trayektoriyaya yön alıb.
Kaxa ya güclü manipulyantdır, ya da belə açıq formada, KİV qarşısında başqa yerə işarə vurursa, ümumi səhvdən-filan danışırsa, deməli, sözü birbaşa rəhbərliyin, transferlərə aidiyyəti şəxslərin ünvanına atır.
Son mətbuat konfransında təkcə "Futbolçuların çoxu Premyer Liqada oynayacaq səviyyədə deyil" deməsi çox mətləblərdən xəbər verir, əslində. Elə-belə söz deyil bu.
10 legionerin gəlişi sənin razılığınla olubsa, bəhanə axtarmağa haqqın ola bilməz! Yox, əgər transferlər baş məşqçidən xəbərsiz edilibsə, ki, təxmini buna işarə vurur - o zaman özünə hörmətlə yanaşıb vaxtında istefa verməli idin. Etməmisənsə, deməli, indi susmalı və hədəfə yalnız özünü qoymalısan.
Qeyd etdiyimiz kimi, ya Çxadadzenin inişilki kimi şovinist, özündənrazı damarı tutub deyə çırpınmağa başlayıb, qaçış yolu axtarır, ya da elə birbaşa mətbuat vasitəsilə klub başbilənlərini "ağ nöqtə"yə qoymaq fikrini qətiləşdirib.
Hər bir halda yanlış yoldadır.
Elə "Qəbələ" rəhbərliyi də yanlış yola istiqamət alıb.
Yayda maliyyə sıxıntısını əldə bayraq edən, hətta buna görə akademiyanı qismən bağlayan, ucdantutma legioner transferinə "ok" düyməsini basan rəhbərlik ya açıq hesabat verməlidir ki, hədəfdən çıxsın, əsl həqiqət yerini tapsın, ya da elə baş məşqçidən hesabat tələb edərək bütün sualların cavablarını gün işığına çıxarmalıdır.
Yoxsa sonu çox qaranlıq görünür. İki il əvvəl olduğu kimi...
Mediasport.com.az