Azərbaycan milli komandaları Avropa çempionatında yarışacaq
Azərbaycanın oğlan və qız voleybolçulardan ibarət U-16 milli komandaları Avropa çempionatının 1-ci təsnifat mərhələsində mübarizə aparacaqlar.
"Mediasport" xəbər verir ki, təmsilçilərimiz 1-ci təsnifat mərhələsində (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) yarışacaqlar.
Oyunlar 19-22 noyabr tarixlərində keçiriləcək.
Oğlanlardan ibarət yığma Latviyanın Riqa şəhərində təşkil ediləcək yarışın B qrupunda yerli və Finlandiya milliləri ilə qarşılaşacaq.
A qrupunda Polşa, Estoniya və Ukrayna komandaları çıxış edəcəklər.
Qızlardan ibarət kollektiv isə Estoniyanın Kaariku şəhərində B qrupunda mübarizə aparacaq. Rəqiblər Estoniya, Litva və Ukrayna voleybolçuları olacaqlar.
A qrupunda Polşa, Gürcüstan və Finlandiya komandaları gücünü yoxlayacaq.
Reqlamentə əsasən, qruplarda ilk iki yeri tutan komandalar yekun sıralama uğrunda mübarizə aparacaqlar.
Qrup qalibləri (A1-B1) finalda turnirin çempionunu müəyyənləşdirəcəklər.
İkinci və üçüncü yerləri tutan komandalar isə müvafiq olaraq A2-B2 və A3-B3 qarşılaşmalarında üz-üzə gələcəklər. A1-B1 görüşünün qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
Oğlanlardan ibarət U-16 millimizin oyunları
19 noyabr
18:00. Latviya - Azərbaycan
20 noyabr
18:00. Azərbaycan - Finlandiya
Qızlardan ibarət U-16 millimizin oyunları
19 noyabr
19:00. Estoniya - Azərbaycan
20 noyabr
16:00. Azərbaycan – Ukrayna
21 noyabr
19:00. Litva – Azərbaycan

