Azərbaycan növbəti dəfə Avropa çempionatına ev sahibliyi edəcək

Azərbaycan növbəti dəfə Avropa çempionatına ev sahibliyi edəcək

Bakıda növbəti dəfə qadın voleybolçular arasında Avropa çempionatı (CEV EuroVolley Women) keçiriləcək.

"Mediasport" xəbər verir ki, ilk dəfə 2017-ci ildə yarışa Gürcüstanla birgə ev sahibliyi edən Azərbaycan doqquz il sonra yenidən bu hüquqa sahib çıxıb.

Ölkəmiz 2026-cı ildə 21 avqust - 6 sentyabr tarixlərində baş tutacaq qitə birinciliyində dörd qrupdan birinə ev sahibliyi edəcək.

Qrup oyunları Bakıda Milli Gimnastika Arenasında təşkil olunacaq.

Avropa Voleybol Konfederasiyasının (CEV) AVRO-2026 üzrə təşkilat komitəsinin nümayəndələri və yayım hüququna malik CEV-in tərəfdaşı olan İnfort şirkətinin əməkdaşları hazırlıq işləri ilə tanış olmaq üçün 24-25 fevral tarixlərində ölkəmizdə səfərdə olublar.

Səfər çərçivəsində qarşılaşmaların keçiriləcəyi Milli Gimnastika Arenasına və voleybolçuların yerləşdiriləcəyi otellərə baxış keçirilib, həmçinin bir sıra digər təşkilati məsələlər müzakirə olunub.

Qeyd edək ki, AVRO-2026-da ümumilikdə Avropanın 24 ən yaxşı komandası dörd qrupda mübarizə aparacaq. Digər qruplara Çexiya, İsveç və Türkiyə ev sahibliyi edəcək.