Elmar Baxşıyev və Qara Qarayevin məcburi gedişinə səbəb olan şəxsi siz də tanıyın! - XAOS davam edir

Elmar Baxşıyev və Qara Qarayevin məcburi gedişinə səbəb olan şəxsi siz də tanıyın! - XAOS davam edir

"Araz-Naxçıvan"da maraqlı hadisələr cərəyan etməkdədir.

Bugünlərdə istefaya göndərilən baş məşqçi Elmar Baxşıyevin ayrılığının əsl səbəbi heç də nəticələr deyilmiş.

O cümlədən təcrübəli futbolçu Qara Qarayevin gözlənilməz gedişinin də müəmması var imiş.

Bütün bunlara səbəb kim olsa, yaxşıdır? Ceyhun Sultanov. Bəli, klubda heç bir rəsmi vəzifə tutmayan Ceyhun Sultanov.

Vetrean futbolçu AFFA-nın sabiq icraçı vitse-prezidenti Elxan Məmmədovun tapşırığı ilə Naxçıvan təmsilçisinin qeyri-rəsmi prezidenti Zaur Axundovla əlaqələrini genişləndirərək, onun etibarından sui-istifadə etməklə "Araz-Naxçıvan"da de-fakto söz sahibliyinə yiyələnib.

Ortaq dostların birliyi ilə komandanı faktiki idarə edən eks "Neftçi"linin baş məşqçi Andrey Demçenko ilə hələ 3 ay əvvəl təmasa keçməsindən az adam xəbərdardır. Halbuki Elmar Baxşıyev klubdan dekabrın sonlarında ayrılıb.

Qara Qarayev də məhz Elmar Baxşıyevin qələmini bir neçə ay əvvəl "qıran" menecer-idarəçinin daxildə yaratdığı xaos səbəbindən ayrılmaq qərarı verib.

Məlumata görə, Ceyhun Sultanov gətirdiyi futbolçularla daha yüksək maliyyə şərtləri ilə müqavilə bağlatdırıb.

Klubda hazırda külli-ixtiyar sahibi olan "Qəmlo" illərdir Zaur Axundovun ən etibarlı kadrına çevrilmiş idman direktoru Eldəniz Yusubovu da "ofsayd"a salıb.

İşlədikləri federasiyada-klublarda Zaur Axundovun daim yanında olmuş Azərbaycan futbolunun "xaç atası"nın bu gün sözünün heç bir çəkisi, ağırlığı qalmayıb.

Ümumən komanda daxilində ab-hava olduqca ağırdır.

Məcburi istefaya göndərilmiş Elmar Baxşıyevin təzminat davası, ayrı-ayrı futbolçular arasında ödənişlərə görə baş qaldırmış narazılıqlar, futbolçuların tamamən ruhsuz çıxış etmələri - belə desək, böhran sırf Eldəniz Yusubovun yarıtmazlığı və Ceyhun Sultanovun "taxt"a oturmasından qaynaqlanır.

Ayxan