Yevgeni Kukseviç: "Güclü rəqibə qarşı yaxşı mübarizə apardıq"
"Yaxşı rəqibə qarşı oynadıq. Gürcüstan millisi bir neçə ay əvvəl Avropa çempionatının final mərhələsində çıxış edib".
"Mediasport" xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Yevgeni Kukseviç deyib.
Rusiyalı mütəxəssis yığmamızın Gürcüstan seçməsi ilə yoldaşlıq oyunu haqda danışıb, 2:4 hesablı məğlubiyyəti şərh edib:
"Güclü rəqibə qarşı gözlədiyimizdən də yaxşı mübarizə apardıq. Görüş ərzində əvvəldən yaratdığımız 2 real imkanı qola çevirə bilsəydik, hadisələr fərqli şəkildə davam edəcəkdi, əhval-ruhiyyə yaxşı olacaqdı.
Əvəzində fərdi səhvlərdən 2 qol buraxdıq. Buna baxmayaraq, oyundan qopmadıq. Yenə şanslarımız oldu.
Həmin imkanlardan istifadə edə bilsəydik, hesab xeyrimizə olacaqdı. Təəssüf ki, realizə baxımından "axsadıq". Ümumi götürsək, bu görüş bizə çox lazım idi. Bunun xeyrini gələcəkdə görəcəyik".
O, görüşdə gənc futzalçılara da şans verdiyini diqqətə çatdırıb:
"Bu gün bir neçə gənc futzalçıya meydana çıxmaq şansı yaratdıq. Vaxt etibari ilə bəlkə də meydanda az oldular, ancaq millinin oyun həyəcanını yaşadılar, atmosferi hiss etdilər".
