"Bəzi məşqçilər bizim yerimizdə olmağı arzulayardı" - Dambrauskas

"Bəzi məşqçilər bizim yerimizdə olmağı arzulayardı" - Dambrauskas

"Bu, cari mövsüm Çempionlar Liqasında süni örtüklü meydançada keçirəcəyimiz üçüncü oyun olacaq. Daha əvvəl Uels və Finlandiyada belə meydançalarda oynamışıq və hər iki qarşılaşmada qalib gəlmişik".

"Mediasport" xəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas deyib.

Litvalı mütəxəssis bu gecə UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turu çərçivəsində Norveçdə qarşılaşacaqları "Vikinq"lə matçdan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Burada da eyni nəticəni əldə etməyə çalışacağıq. Əlbəttə, "Vikinq"in bizdən əvvəl necə çıxış etdiyini yaxşı bilirik. Onların bütün oyunlarını izləmişik.

"Bavariya"nın da burada çətinlik çəkdiyini görmüşük. Əgər UEFA və FİFA belə örtüklü meydançalarda oynamağa icazə verirsə, biz də bu qaydalara əməl edirik.

Düşünürəm ki, meydançanın örtüyü qalibi müəyyənləşdirən əsas amil olmayacaq".

O, nəticədə əsas komandanın hazırlıq səviyyəsinin rol oynayacağını bildirib:

"Taktika, texnika, psixoloji hazırlıq və stadiondakı atmosfer daha böyük rol oynayacaq. Zədələrə gəlincə, belə gərgin oyun qrafikində bu cür hallar qaçılmazdır.

Son 28 gün ərzində 8 oyun keçirmiş olacağıq. Bu, heç də asan deyil. Lakin hər bir futbolçu mənim oyunçularımın yerində olmaq və Çempionlar Liqasında çıxış etmək istəyərdi.

Eyni zamanda, bəzi məşqçilər də bizim yerimizdə olmağı arzulayardı.

Norveçə 23 hazır futbolçu gətirmişik. Lakin onlardan bəziləri ilə bağlı yekun qərarı axşam məşqindən sonra verəcəyəm.

Bir neçə gün əvvəl qatarla 6 saat yol qət edərək çətin bir oyun keçirdik, daha sonra isə evə qayıtmaq üçün yenidən 6 saat yol getdik.

Norveçə 5 saatlıq uçuşla gəldik. Bütün bunlardan sonra bərpa olunmaq çətindir.

Futbolçuların məşqlərə və oyuna tam hazır olmasına xüsusi diqqət yetirməliyik. Rəqibi təhlil etmişik və Norveç çempionatında rəqabətin necə olduğunu görürük".

Xatırladaq ki, "Vikinq" - "Sabah" oyunu bu gecə Bakı avxtilə saat 00:00-da start götürəcək.