"Bizi iki güclü və mübariz komanda ilə oyunlar gözləyir" - Kukseviç
"Cəsarətli və əzmkar olmaq lazımdır. Yaxşı komandalarla bir qrupda yer almışıq. Çexiya ənənəvi olaraq hər zaman yaxşı səviyyədə olur. Onlar daim yüksək yerlər və böyük turnirlərə qatılmaq üçün mübarizə aparırlar".
"Mediasport" xəbər verir ki, bu sözləri futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Yevgeni Kukseviç deyib.
O, millimizin rəqiblərini dəyərləndirərkən Latviya yığmasının Avropa çempionatının final mərhələsində iştirakından da söz açıb:
“Latviya yığması da son illərdə inkişafdadır. Avropa çempionatının final mərhələsində iştirak ediblər, hətta əsas rəqiblərdən birini də məğlub etmişdilər. Bu onu göstərir ki, bizi iki güclü və mübariz komanda ilə oyunlar gözləyir.
Nəticə qazanmaq mümkündür. Bizim də yaxşı komandamız var. Sadəcə düzgün hazırlıq keçməli, rəqiblərə qarşı həvəslə oynamalıyıq. Ümumiyyətlə pley-off oyunlarına vəsiqə qazanmaq üçün cəsarətli və əzmkar olmaq lazımdır".
Azərbaycan millisi 12-ci qrupda Çexiya və Latviya ilə üz-üzə gələcək.
Ev-səfər prinsipi ilə keçiriləcək matçların nəticəsinə uyğun olaraq, qrup mərhələsini ilk iki pillədə başa vuracaq komandalar mübarizəni davam etdirəcək.


