"Heydər Əliyev Kuboku" keçirildi

Naxçıvanda fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında təşkil edilən "Heydər Əliyev Kuboku" uğrunda futzal turniri keçirilib.
"Mediasport" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Naxçıvan Futbol Federasiyasının birgə təşkil etdikləri turnirin üçüncü yer və final qarşılaşmaları iyunun 30-u İlham Əliyev adına Olimpiya İdman Kompleksində reallaşıb.
Üçüncü yer uğrunda görüşdə Mədəniyyət Nazirliyinin komandasına 5:4 hesabı ilə qalib gələn Dövlət Vergi Xidmətinin təmsilçiləri bürünc medal qazanıb.
Finalda isə Təhsil və Ədliyyə nazirlikləri meydanda olublar. Əsas mükafat uğrunda mübarizədə oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatdığına görə, qalib penaltilər seriyasında müəyyənləşib. Penalti zərbələrini daha dəqiq yerinə yetirən Ədliyyə Nazirliyinin komandası 4:3 hesabı ilə qələbə qazanıb və turnirin qalibi olub.
Görüşdən sonra mükafatlandırma mərasimi keçirilib. Mükafatları Naxçıvan Muxtar Respublikası gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin şöbə müdiri Tarverdi Məmmədov, NFF-nin baş katibi Raqif Abbasov və digərləri təqdim ediblər.
Əvvəlcə turnir ərzində fərqləndiklərinə görə Mirəziz Seyidov, Cavid Əsgərov, İsmayıl Allahverdiyev və Abbas Məmmədov müxtəlif nominasiyalar üzrə “ən yaxşı”lar seçiliblər.
Sonra isə ilk üç yerin sahibi olan komandaların üzvlərinə diplom və medallar, qalib komandaya isə "Heydər Əliyev kuboku" təqdim olunub.