"İnanıram ki, futbolçularım sabah ən yaxşı oyunlarından birini göstərəcəklər" - Qurban Qurbanov
"Əsas mərhələnin son oyununa çıxırıq. Çox möhtəşəm stadionda və möhtəşəm azarkeşlər qarşısında özünəməxsus oyun üslubu olan komandaya qarşı çıxış edəcəyik".
"Mediasport" xəbər verir ki, bu sözləri İngiltərədə səfərdə olan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Mütəxəssis sabah UEFA Çempionlar Liqasının Liqa mərhələsinin "Liverpul"la baş tutacaq son tur matçından əvvəl keçirilən mətbuat konfransında fikirlərini səsləndirib:
- "Liverpul"un heyətində olan futbolçular hər zaman qələbəyə istəklidirlər. Çox istəyirik ki, İngiltərədə yaxşı oyun sərgiləyək. İnanıram ki, futbolçularım sabah sona kimi intizamlı çıxış edərək ən yaxşı oyunlarından birini göstərəcəklər.
Hazırda turnir cədvəlində elə bir vəziyyət yaranıb ki, "Qarabağ" məğlub olsa belə, pley-off şansları 90 faizin üzərindədir. Bu, futbolçuların oyuna köklənməsinə müsbət və ya mənfi tərəfdən necəsə təsir edə bilər?
- Ümumiyyətlə, son vaxtlar şanslarımız barədə çox danışılır. Amma biz elə bir stadionda elə bir komandaya qarşı oynayacağıq ki, özümüzü sırf bu matça kökləməliyik. Hər dəfə belə möhtəşəm komandaya qarşı oynamaq fürsəti olmur. İnanıram ki, heç bir futbolçunun fikri-düşüncəsi digər oyunlarda olmayacaq.
Sabahkı oyunu karyeranızın ən vacib sınağı adlandırmaq olar?
- Sınaqlarım çox olub. Şükürlər olsun ki, bu günə kimi pis çıxmamışıq. Sadəcə, sabah şansımız var ki, daha yaxşı bir nəticə əldə edək. Əgər indiyə kimi əldə etdiyimiz nəticədən daha böyüyünü qazanmaq şansımız varsa, bu həm imtahandır, həm də böyük bir məsuliyyət tələb edir. Bu matç bəlkə də o oyunların içərisində ən yuxarıda olanıdır.
Hazırda "Liverpul"un müdafiə xəttində ciddi çatışmazlıqlar var...
- Mən belə böyük komandalarda bu cür oyunlarda problem ola biləcəyini düşünmürəm. Böyük təcrübəsi olan bir klubdur. Mövsümün əvvəlindən bu yana Çempionlar Liqasında yaxşı nəticələr əldə edirlər. Ola bilər, Premyer Liqada çıxışları klubun tələblərinə görə ürəkaçan deyil. Ümumən Çempionlar Liqasında ən yaxşı komandalardan biridir. "Liverpul"un oyun üslubu, futbolçularının bir-birini yaxşı tanıması o problemləri tez aradan qaldırır. Ona görə biz həddindən artıq diqqətli olmalıyıq.
Sabah bu matçda qələbə qazanmaqla oyunu azərbaycanlı azarkeşlərlə yanaşı, "Liverpul" tərəfdarları üçün də unudulmaz edə bilərsiniz. Bununla bağlı fikirləriniz maraqlıdır.
- Ümumən hər oyuna real baxmaq lazımdır. Əgər biz "Qarabağ" olaraq inkişaf ediriksə, deməli, daha məsuliyyətli, daha çox danışılası oyunların içinə giririk. Burada məğlubiyyət də, qalibiyyət də rol oynayır. Hər iki halda bu oyundan çox danışılacaq. Dəfələrlə bildirmişəm ki, belə komandalara qarşı bu cür stadionda oynamaqla uduzsaq belə, çox böyük təcrübə qazandıracaq. Hansı ki, gələcəkdə bizə güvən verəcək. Həm özüm məşqçi kimi, həm klub olaraq - 15-16 il geriyə dönsək - hər böyük oyundan sonra həyəcan azalır, təcrübəmiz çoxalır. Belə oyunların nəticəsi futbol baxımından bizimçün uğursuz ola bilər, amma ümumi götürsək, gələcək nəticələrimizə böyük təkan verir. Bunu düşünərək buraya gəlmişik. Bakıda da "Liverpul" azarkeşləri çoxdur. Burada da bir neçəsi ilə ünsiyyətdə oldum, düzdür, soruşmadım hansı sabah komandaya azarkeşlik edəcəklər (gülür). Hər bir halda bu komanda Azərbaycanda sevilir. İnanıram ki, sabahkı nəticədən asılı olmayaraq, Azərbaycanda bizim futbola maraq daha da çox olacaq.
AYXAN
