Bakıda dünya çempionatının püşkatma mərasimi keçirildi

 Bakıda dünya çempionatının püşkatma mərasimi keçirildi

Bu gün Bakı-2026 cüdo üzrə böyüklər arasında dünya çempionatının püşkatma mərasimi keçirilib.

"Mediasport" xəbər verir ki, beynəlxalq cüdo təqviminin ən nüfuzlu yarışlarından olan dünya çempionatında 93 ölkədən 622 cüdoçu - 335 kişi və 287 qadın mübarizə aparacaq.

Tədbirdə IJF-in baş katibi Liza Allan, ACF-in icraçı vitse-prezidenti Rəşad Rəsullu və Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov çıxış ediblər.

Püşkatma mərasimi keçirilib və dünya çempionatında mübarizə aparacaq cüdoçuların turnir cədvəlindəki rəqibləri və yarış yolu müəyyənləşib.

Qeyd edək ki, Bakı-2026 cüdo üzrə dünya çempionatı 4-11 oktyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.

Fərdi yarışlar 4-10 oktyabrda, qarışıq komanda yarışı isə oktyabrın 11-də baş tutacaq.