"Qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik və qrupda birinci yeri tutduq" - Ayxan Abbasov
"Əsas odur ki, qarşımıza qoyduğumuz vəzifəni yerinə yetirdik və qrupda birinci yeri tutduq. Hətta Millətlər Liqasının formatında edilən dəyişiklikdən sonra istənilən halda C divizionuna yüksələcəkdik".
"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov deyib.
Mütəxəssis yığmamızın UEFA Millətlər Liqasının 5-ci turunda Lixtenşteyn komandası ilə görüşü haqda danışıb, 1:0 hesablı qalibiyyəti şərh edib:
"Dünən də dediyim kimi, rəqibin öz meydanında Bakıdakından daha inamlı oynayacağını bilirdik. Lixtenşteyn oxşar sistemlə çıxış edərək sıx müdafiəyə üstünlük verirdi.
Erkən qol vurmaq istəyirdik və buna nail olduq, lakin qol qeydə alınmadı. Daha sonra top dirəyə dəydi. Futbolçular bir qədər tələsirdilər və bu, hücumları dəqiq zərbə ilə tamamlamağımıza mane olurdu.
Qələbəyə görə futbolçulara təşəkkür edirəm. Qarşıda bizi Andorra ilə yoldaşlıq oyunu gözləyir. Həmin qarşılaşmada yeni futbolçulara da şans verəcəyik.
Ehtiyat oyunçular skamyamızda kifayət qədər keyfiyyətli futbolçular var idi. Matçın gedişatını nəzərə alaraq əvvəlcə Rüfət Abdullazadəni meydana buraxmaq qərarına gəldik.
Onun oyuna qoşulmasından sonra hücumlarımız daha da fəallaşdı və istədiyimiz epizodları yaratmağa başladıq. Dəyişikliklərə tələsmədik, bir qədər gözlədikdən sonra Xəyal və Tellura da şans verdik.
Həmin vaxt Rüfət Abbasov və Toral Bayramovda yorğunluq hiss olunurdu. Hücumların zərbələrlə tamamlanmasına ehtiyacımız var idi. Toralın uzaq məsafədən dəqiq zərbələr endirmək bacarığını nəzərə alaraq onu meydanda daha uzun müddət saxlamağa üstünlük verdik.
Qarşılaşmanı yenidən izləyərək futbolçuların çıxışını ətraflı təhlil edəcəyik. Qələbə qazandığımız oyunlarda belə, müəyyən çatışmazlıqlar aşkar edirik.
Litva üzərində qalib gəldiyimiz əvvəlki matçda da səhvlərə yol verilmişdi. Həmin görüşdə gözləntiləri doğrultmayan bəzi futbolçular bu səbəbdən hazırkı təlim-məşq toplanışına çağırılmadılar.
Şübhəsiz ki, bugünkü qarşılaşmadan sonra da oyunçulara iradlarımız olacaq. Bu dəfə əsas çatışmazlığımız hücum xəttində özünü göstərdi.
Yaratdığımız imkanları qola çevirməkdə çətinlik çəkdik və son zərbələrdə istənilən dəqiqliyi nümayiş etdirə bilmədik".

