Karyerası AFFA-nın binasından böyük olan bir maykalıq "Sulya"

Karyerası AFFA-nın binasından böyük olan bir maykalıq "Sulya"

Rusiya Premyer Liqasının bombardiri, qalibi, ümumiyyətlə, Rusiya çempionu olmuş yeganə azərbaycanlı...

Fevralın 17-də Azərbaycanın iki futbol brendindən biri sayılan Nazim Süleymanovun 60 yaşı tamam oldu.

AFFA-nın İcraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev yubilyarı federasiyanın inzibati binasına dəvət edərək, ona üzərində adı və "60" rəqəmi yazılan xatirə formasını hədiyyə veriblər.

Öz formasını özünə hədiyyə ediblər...

Elə bu?

Utanmadız heç? Kişinin futbol karyerası oturduğunuz binadan hündürdü e...

60 illik yubileyini qeyd edən azərbaycanlı futbol sənətkarının, Vladiqafqazın fəxri vətəndaşının adına düz-əməlli bir tədbir təşkil etmək bu qədər çətin idi?

Bu qədər urvatsız olmayın. Keçmişinizə, kim olduğunuza ayna salın.

HAŞİYƏ

2011-ci ilin isti iyulu idi. Nazim Süleymanovun baş məşqçisi olduğu AZAL-la Belarusa yollanmışdıq. UEFA Avropa Liqasının təsnifat mərhələsinin "Minsk"lə səfər oyunu üçün getmişdik.

Səhv yadımda qalmayıbsa, oyun günü qaldığımız "Viktoriya" otelinin həyətində 7-8 nəfər Nazim Süleymanovu axtarırdı, sonra öyrəndik ki, adamlar Osetiyadan gəliblər, Vladiqafqazın fəxri vətəndaşı, "Alaniya"da tarix yazmış "Sulya" ilə görüşməyə. Nə qədər məsafə qət etmişdilər. Sadəcə, görüşmək üçün...

Nazim Süleymanov 1995-ci ildə Vladiqafqazın "Alaniya" klubu ilə SSRİ çempionu olub, 1992 və 1996-cı illərdə gümüş medalları qazanıb.

Rusiya çempionatlarının bombardiri olmuş sabiq hücumçu 1992-1998-ci illərdə Azərbaycan milli komandasının heyətində 24 oyun keçirib, 5 qol vurub.

O, 2023-cü ildə dərc olunmuş Rusiya çempionatları tarixində ən çox qol vuran legionerlərin yenilənmiş siyahısında 10-cu sırada yer alıb. Süleymanov bu reytinqə düşən ilk və hələlik sonuncu azərbaycanlıdır.

Böyük Britaniya kraliçasının şəxsən "Qızıl fit" təqdim etdiyi yeganə hakim Tofiq Bəhramovun bir əsrlik yaşını yanvarda, sadəcə ,restoranların birində veteranlarla pənco-pənco vurmaqla "qeyd etməyiniz"in ayıbı azmış kimi, barı, diriyə hörmət qoyardız.

Bu, nə ad günü təbrikidi belə? Bağça uşağını təbrik edirsiz, Sərxan müəllim?! Cahangir bəy yenidi, siz köhnələrdənsiz, köhəlməyəsiz.

Nazim Süleymanovun da səhvləri var, insanıq. Özü də etiraf edir. Bir az normal yerdə iş tapan kimi mediadan qaçsa da, telefonlara cavab verməsə də, "İrəvan" kimi rüsvayçı kluba gedərək nüfuzunu ayaqlar altına atsa da, Nazim Süleymanov bizim üçün elə Nazim Süleymanovdu! İkincisi yoxdu.

Bəli, o, xüsusən özünü keçmiş AFFA rəhbərliyinə "persona non qrata" elan etdirəndə bəlkə də sonrasını düşünməmişdi. Ölkə başçısına rəsmi müraciət ünvanlamağa qədər gedib çıxdılar, Rövnəq Abdullayevli, Elxan Məmmədovlu AFFA-ya bata bilmədilər, "silahdaşları" asan, ucuza təslim oldular.

Süleymanov və başına toplaşan veteranlar anidən ərşə çəkildilər, bəzilərini də AFFA təklikdə şirnikləşdirib tərəfinə keçirdi.

Amma bunun məsələyə dəxli yoxdu, lap keçmiş sovetlərin dönəmində olubsa belə, Azərbaycanın adını uca tutmuş, tanıtmış, sevdirmiş, məşhur etmiş iki futbol adamımızdan birinin yubileyi lüt mayka ilə yola verilə bilməz, verilməməlidi!

Nazim Süleymanov futbol oynayıb adını Rusiya stadionlarında əzbərlətdirəndə siz, yəqin ki, şortikdə gəzirdiz.

İndi o boyda kişini bir mayka ilə yola verirsiz...

Ayıb olsun!

Elvin ƏHƏD