"Kəpəz" 6200 manat cərimə edildi

 "Kəpəz" 6200 manat cərimə edildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

"Mediasport" xəbər verir ki, toplantıda Premyer Liqa klublarının cəzaları açıqlanıb.

"Kəpəz" Premyer Liqanın III turunda "Turan Tovuz"la oyunda yaşananlar səbəbindən ümumilikdə 6200 manat cərimə edilib.

Gəncə təmsilçisi 6 nəfər sarı vərəqə aldığı üçün 700 manat ödəyəcək.

Komanda matç bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə daha 2500, azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə isə 3000 manat ziyana düşüb.

"Qəbələ" – "Şamaxı" oyunu bitdikdən sonra meydana kənar şəxs daxil olduğuna görə "Qəbələ" 2500 manat ödəməli olacaq.

"Zirə" – "Neftçi" matçının 70-ci dəqiqəsində ikinci sarı vərəqədən sonra cəzalanan "Neftçi"nin futbolçusu Elvin Bədəlov 1 oyunluq cəzaya məruz qalıb, paytaxt klubu isə 500 manat cərimələnib.

Həmin görüşün 80-ci dəqiqəsində azarkeşlərin meydana kənar əşya atması səbəbindən "Neftçi" daha 2000 manat cərimə edilib.