Kilian Mbappe: "Azərbaycan millisi ilə oyuna ciddi yanaşmalıyıq"

"Bu qarşılaşma İslandiya ilə matçdan az önəmli deyil. Diqqətimizi İslandiyaya yönəltməzdən əvvəl Azərbaycanla matça ciddi yanaşmalıyıq. Hər oyunun öz reallığı var və biz sabah qələbə qazanmalıyıq".
"Mediasport" xəbər verir ki, bu sözləri Fransa millisinin futbolçusu Kilian Mbappe deyib.
Oktyabrın 10-da DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Parisdə Azərbaycan millisinə qarşı keçiriləcək oyun haqda danışan dünya ulduzu matçdan əvvəl təşkil olunan mətbuat konfransında düşüncələrini bölüşüb.
Forvard yığmamızın son olaraq Bakıda Ukrayna ilə heç-heçə etməsini xüsusi vurğulayıb:
“Məqsədimiz dünya çempionatına vəsiqə qazanmaqdır. Vəsiqə təmin olunana qədər mübarizə aparmalıyıq. Sabah oynamaq istəyirəm, baş məşqçi də buna qarşı deyil.
Ciddi problemlərin olacağını düşünmürəm. özümü yaxşı hiss edirəm. Bu gün məşq edəcəyəm, bu oyunöncəsi son hazırlıq olacaq. Xüsusi narahatlığım yoxdur”.
Keçən mövsüm çox qol vurmusan, amma indi daha yaxşı görünürsən. Nə dəyişib?
- Yeni mövsümdür, bir az dincələ bildik, tətil etdik, yaxşı hazırlaşdıq. Yaxşı başladım, baxmayaraq ki, mövsüm çox uzun olacaq. Komanda ilə birlikdə yaxşıyıq, məşqçinin qurmaq istədiklərini başa düşməyə başlayırıq. Çox qol vurmağı bacardım. Bunu həmişə etmişəm. Amma oyunda da özümü daha yaxşı hiss edirəm, daha yaxşı vəziyyətdəyəm, baxmayaraq ki, hələ daha yaxşı ola bilərəm. Futbolçu karyerasında belə şeylər olur. Madridə yaxşı uyğunlaşdım, orada özümü daha rahat hiss edirəm. Bu, Fransaya qarşı bir tənqid deyil, sadəcə orada Parisdəki qədər sürətli ritm yoxdur. Başımı və ayaqlarımı yenidən qaydasına sala bildim. Amma hələ oktyabrdır, göstəriləsi çox şey var.
Azərbaycanla matç elə bir oyundur ki, çoxlu qol vurmaq lazımdır?
- Əgər desəm ki, istənilən rəqibə qarşı qol vura bilərəm, doğru olmaz. Azərbaycan millisi Ukrayna ilə heç-heçə edib. Biz də Ukrayna ilə matçda asanlıqla qələbə qazana bilmədik. Bu, sadəcə üç xal dəyərində bir oyundur. Məqsəd təkcə çoxlu qol vurmaq deyil, amma fürsət yaranarsa, əlbəttə ki, bundan çəkinməyəcəyik. Olivye Jirunun rekorduna gəlincə, düşünürəm ki, onu qıracağam, amma nə vaxt olacağını bilmirəm. Bəlkə sabah, kim bilir?
Oyununda hələ də inkişaf etdirmək istədiyin cəhətlər var?
- Bunlar əsasən oynadığın komandadan asılı olaraq inkişaf edən şeylərdir. Öz keyfiyyətlərini komandanın tələblərinə uyğun inkişaf etdirmək lazımdır. Mənim böyük azadlığım var, amma mərkəzdən çıxıram, bu da fərqlidir - fərqli qaçışlar, fərqli situasiyalar... Bu da mənə daha universal oyunçu olmağa imkan verir.
Bazar günü qardaşın Etan Mbappe PSJ-yə qol vurdu. Bunu necə qarşıladın?
- Əslində ora getməyini istəmirdim, amma o, özü istədi. Bu, Fransanın, hətta Avropanın ən yaxşı komandasına qarşı böyük bir oyun idi. Mən çox şadyanalıq etməməli idim, çünki keçmiş komandam PSJ-yə qarşı çox sevinmək olmaz (gülür). Amma qardaşım üçün sevinirəm, o, buna layiq idi.
Millilərin klublara nisbətən rolu ilə bağlı son müzakirələr haqqında nə düşünürsən?
- Bilmirəm, Fransada bu barədə bir az çox danışılır, çünki son toplanışda baş verənlərdən sonra məsələ yenidən gündəmə gəldi. Hər zaman bu problem var. Klub oyunçuya maaş verir və onu itirmək istəmir. Amma bizim üçün milli komanda hər şeydən vacibdir. "Real"la çox açıq ünsiyyətimiz var, zədədən sonra da heç bir maneə olmadı, klub anlayışla yanaşır. Mən oynamaq istəyirdim və Xabi Alonso ilə daim əlaqə saxlayırıq. Bununla bağlı heç bir problem yaşanmadı.
Qeyd edək ki, “Park de Prens” stadionunda keçiriləcək Fransa - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.