Tahir Gözəl: "Legioner limitinin ləğvi Azərbaycan futbolunun ziyanına olacaq" - Videomüsahibə

Tahir Gözəl: "Legioner limitinin ləğvi Azərbaycan futbolunun ziyanına olacaq" - Videomüsahibə

"Qarabağ"ın prezidenti Tahir Gözəl "Sabah"la Premyer Liqanın 24-cü tur oyunundan sonra "Mediasport"un suallarını cavablandırıb.

Ağdam klubunun rəhbəri bir-birindən maraqlı açıqlamaları ilə diqqət çəkib.


Qış fasiləsindən sonra "Qarabağ"ın ümumi çıxışı haqda nə deyə bilərsiniz?

- Çox razıyam. Kadi qayıtdıqdan sonra komanda daha da gözəl nəticələr göstərir. Komandadan çox razıyam. "Sabah"a qarşı oyun da çox ağır şəraitdə keçdi, çox soyuq idi. "Sabah" da Azərbaycanın iddialı komandalarındandır. Güclü oyun göstərdilər. "Qarabağ" da gözəl oynadı. 1:1 oldu. Biz də xalımızı qazandıq. Həm burada, həm kubokda hədəflərimiz böyükdür, çempionluqlar istəyirik. Bir daha Avropada şansımızı yoxlayacağıq. Keçən dəfəki qarşımıza ağır rəqiblər çıxdı. Bəlkə bu mövsüm daha şanslı olacağıq, özümüzə daha uyğun rəqiblər çıxsa, daha da gözəl, daha uğurlu davam edəcəyik.

Ötən mövsümü "qızıl dubl"la başa vurmuşdunuz. Bu mövsüm üçün də plan budur?

- Bəli, Allah qoysa. "Səbail"lə oyunu gözləyirik. Cavab oyununu oynayaq. Bu mövsüm də "qızıl dubl" istəyirik. "Qarabağ"ın inkişafı normaldır. Kadi Borgesin geri dönüşünü böyük sevinclə qarşılayıram. İnkişaf edən, özünü göstərəcək futbolçularımız var. Uyğunlaşma prosesində olanlarımız var. Uzun müddət oynamayıb, indi uyğunlaşan futbolçulardan çox böyük nəticələr gözləyirəm. Məsələn, Aleksey Kaşşukdan, istedadlı oyunçularımızdan. Baş məşqçimiz inanır, biz də inanırıq. Vaxt lazımdır. Bəzən dəyişikliklər olanda kluba vaxt lazımdır. Məncə, hər oyun "Qarabağ"ın lehinə gedəcək.

Mövsümün əvvəlində avrokubokların əsas mərhələsinin formatı dəyişdirildi. Yayda fərqli "Qarabağ" görə bilərik? Yeni transferlər...

- Transfer məsələsində hər şey Qurban Qurbanovun əlindədir. Bunu tam səmimiyyətimlə deyirəm. Onu klub rəhbərliyi, sponsor, hamımız dəstəkləyirik. Qurban Qurbanov çox çətin seçim edir, hər adamı seçmir, özünəməxsus xətti var. Biz onun arxasında dayanmışıq. Qurban Qurbanov nə desə, onu edəcəyik. Hamımız bu barədə bir-birimizə dəstək və dayağıq.

2025/2026 mövsümündən Azərbaycan Premyer Liqasında klub sayı artırılacaq. Gözləntiləriniz nədir?

- Əgər bu artım futbolun keyfiyyətinə xidmət edəcəksə, onun tərəfdarıyam. Onu görəcəyik. Təcrübədən sonra görəcəyik. 

Bəs legioner limitinin ləğvi ilə bağlı nə deyə bilərsiniz?

- Həm sevinirəm, həm üzülürəm. Sevinirəm ona görə ki, rəqiblərə qarşı əlimiz açılır. Əlimizdə imkanlar yaradılır. Üzülməyim də ona görədir ki, bu, klublarımızın, bizim qısamüddətli xeyrimizə olacaq. Azərbaycan futbolunun uzunmüddətli ziyanına işləyəcək. Öz futbolçularımız....Həyat belədir də, işin tezinə qaçırsan. Uzun müddət həmin məhdudiyyət qalsaydı, bəlkə yaxşı olardı.

"Qarabağ" yerli futbolçulara şans verməyə davam edəcək?

- Bu, tamamilə Qurban Qurbanova aid sualdır. Biz ona tam dəstəyik. Əminəm ki, seçdiyi öz futbolçular var. Onlara etibar edir. Qurban Qurbanovda belə xasiyyət var ki, bir futbolçuya inansa, onun arxasında dayanır və ona şans verir. Texniki korpusa aid sual olduğu üçün, cavab verə bilməyəcəm. 

Baza tikmək məsələniz nə yerədədir, yenilik var?

- Həyatımda məni ən böyük məni məyus edən, üzən məsələdir. Təəssüf ki, yoxdur. Yer tapa bilmirik, yerimiz yoxdur, yer də verilmir. Xahiş etmişik, çox istəmişik. Biz hazırıq. Hər cür investisiya qoymağa hazırıq. Suraxanıda olmasını xahiş etmişdik. Uyğun ərazi tapa bilmirik. O barədə məndə çox böyük təəssüf hissi var. Bu, "Qarabağ"ın çox böyük çatışmazlığıdır. Digər komandalardan o barədə geridəyik.

Elvin