“Milli komandaya kimləri istəyirdimsə, çağırmışam"

“Milli komandaya kimləri istəyirdimsə, çağırmışam"

“Milli komandaya kimləri istəyirdimsə, çağırmışam. Bəzilərinə zədə səbəbindən dəvət göndərmədim. Bundan öncəki təlim-məşqə Ramil Şeydayevlə Ozan Can Kökçü da çağırılmışdı. Ancaq onlar mütəmadi oynamırlar. Gələcəkdə daimi oynasalar, şans qazanacaqlar”.

"Mediasport" xəbər verir ki, bu sözləri futbol üzrə Azərbaycanın A milli komandasının baş məşqçisi Fernandu Santuş deyib.

Portuqaliyalı mütəxəssis Latviya və Macarıstan (4 iyun və 10 iyun) seçmələri ilə qarşıdakı yoldşalıq görüşləri üçün yığmanın heyətini açıqlayıb, daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Məlumata görə, qarşıdakı iki matçda uduzsanız, istefaya göndəriləcəksiniz.

- Bu, mənim problemim deyil. Gəzən söz-söhbətlərdir. AFFA rəhbərliyi bunu daha yaxşı bilir.

Sizdən gözləntilər çoxdur. Necə düşünürsünüz, millidə inkişaf olub?

- ⁠Bundan öncəki mətbuat konfranslarında demişəm ki, biz öz yolumuza davam edəcəyik.

Premyer Liqanın səviyyəsini 10 ballıq şkala ilə ölçsəniz, neçə verərsiniz?

- "Qarabağ" bilirik ki, hansı səviyyədə çıxış edir, ancaq ümumilikdə çempionata baxsaq, 10 ballıq şkala üzrə 5 verərdim. Təbii ki, hər komandanın məşqçisi yaxşı nəticə əldə etməyə çalışır. On komandadan cəmi 3-4-ü çempionluq üçün mübarizə aparır.

Motivasiya məsələsi necə olacaq?

- ⁠Mayın 27-dən təlim-məşq toplanışına başlayacağıq. Kubokun finalında iştirak edəcək oyunçular bizə sonradan qoşulacaq. Onlara üç gün vaxt veriləcək. Əgər futbolçuda milli ruh varsa, motivasiya ilə qoşulacaq. Harada işləmişəmsə, bunu görmüşəm.

Hər oyunda yeni heyət çağırırsınız. Vüsal İsgəndərlini nə vaxt dəvət edəcəksiniz? Yekun heyəti nə vaxt formalaşdıracaqsınız?

- Bildiyiniz kimi, 25 oyunçu dəvət oluna bilər. 55 oyunçu çağıra bilmərik. Vüsal İsgəndərli sağ cinah müdafiəçisi kimi çıxış edir, onun oyunlarına baxıram. Həm mən, həm komandam azərbaycanlı oyunçuları izləyirik. Sadəcə, ən yaxşıları seçib dəvət edirik.

Legioner limiti ləğv olunur, klubunda oynamayan futbolçuları milliyə çağırmağı düşünürsünüz?

- Biri var ki, klubunda 10-15 dəqiqə də olsa, çıxış edəsən. Biri də var ki, ümumiyyətlə, ehtiyat skamyasında oturasan. Hər bir məşqçinin qərarına hörmətlə yanaşıram. Ancaq milli komandaya dəvət olunan hər futbolçu daim oynamalıdır. Üstəlik, bizim əlimizdə çox oyunçu da yoxdur. İstəyərdim ki, daha çox azərbaycanlı futbolçular oynasın. Növbəti mövsümü gözləyək. Çempionata yeni komandalar gəlir. Ümid edək ki, futbolçular özlərini yaxşı tərəfdən göstərə biləcək.

Heyətə dəvət alan futbolçuların çoxu eyni adlardır. Siz əsəbləşirsiniz, ancaq ictimaiyyət haqlı olaraq sizdən nəticə gözləyir.

- Yoldaşlıq görüşləri oyunçuları sınamaq üçündür. Bundan sonra isə seçmə mərhələ gəlir. Hər dəfə təlim-məşq toplanışına yeni futbolçuları çağırmaq lazımdır ki, onlar milli komandada oynamağın nə olduğunu hiss etsinlər. Bu gün Portuqaliya və Yunanıstan millisində çıxış edən futbolçuların içərisində vaxtilə mənim 19 yaşında dəvət etdiyim oyunçular var.

Dəvət etdiyiniz futbolçuların çoxu yaşlıdır. Məsələn, qapıçıları qeyd edə bilərik.

- Qapıçı çox spesifik mövqedir. Burada çox az rotasiya edə bilirik. Keçən dəfə Şahruddin zədələnəndə Müştəbazadəni dəvət etdik. Həm o, həm də Rza yaxşı qapıçılardır. Fikrimcə, Şahruddin daha təcrübəlidir.