"Millidən DANIŞMAYACAĞAM"

"Millidən DANIŞMAYACAĞAM"

"Bu cür meydançada futbol oynadıq. Futbolçularıma təşəkkür edirəm. Rəqib bizdən daha təcrübəlidir, daha geniş heyətə malikdir. Davam edəcəyik, mübarizə qarşıdadır.

"Mediasport" xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov deyib.

Mütəxəssis Premyer Liqanın 10-cu turunun "Turan Tovuz"la səfər oyunu haqda danışıb, 1:2 hesablı məğlubiyyəti şərh edib:

"Oyun çətin keçdi. Meydançanın belə olacağını gözləmirdik. Bu cür ağır meydançada xarakter göstərmək lazım olduğunu bilirdik. Sürət baxımından hər iki komanda çətinlik çəkirdi.

Bu gün hər iki komanda bir xala layiq idi. Təəssüf ki, ikinci hissədə 2 real qol epizodundan istifadə edə bilmədik. Rəqib isə bir epizoddan yararlandı.  Tovuz azarkeşlərini təbrik edirəm, çoxdandır ki, gözlədikləri günləri gördülər".


Sizə elə gəlmir ki, oyun sərt və kobud formada keçdi?

- Mənə elə gəlmir. Meydança onu tələb edirdi. Meydançaya da heyfsləndim ki, çox əziyyət çəkiblər... Mənim də arzum idi ki, "Turan Tovuz" süni örtüklü meydançadan təbii örtüklü meydançaya keçsin. Məncə, tələsdilər. Nə qorxulu idi? Pis zədələr ola bilərdi. Çünki ot yerində qalmırdı. Amma nə edək, oynamaq lazım idi. Meydança sərt oyunu tələb edirdi.

Millidən...

- Millidən danışmayacağam. Rəqib baş məşqçilər bir az etiraz edirlər. Mətbuat konfransı çox çəkdiyi üçün. Allah qoysa, millinin mətbuat konfransında suallarınıza cavab verərəm. Keçən həftə Qəbələdə də oldu, məşqçilər etiraz edir ki, Ayxan Abbasovun mətbuat konfransı çox çəkir, millidən danışır. Buna riayət edək. Vacib suallarınıza cavab verəcəm.

Tovuz stadionunun əvvəlki süni örtüklü meydançası yaxşı idi, yoxsa indiki təbii örtüklü meydança?

- Bura yaxşı olacaq. Lazım idi. Gördükləri işə qiymət verək. Sadəcə oyun milli fasiləsindən sonra keçirilsəydi, meydança da daha mükəmməl olacaqdı. Məncə, meydança hazır deyildi.

Bəs Şamaxıdakı stadionunun ot örtüyü nə vaxt təbii örtüyə dəyişdiriləcək?

- Tovuzdakı stadionun ot örtüyünün dəyişdirilməsinə sevinirəm. Bu, bizim futbolumuza lazımdır. Bunu deməliyik. Bir az da həvəsləndirməliyik. "Turan Tovuz" rəhbərliyini, Tovuzu təbrik edirəm ki, böyük iş görüblər. Ümid edirəm ki, Premyer Liqada çox komanda olar və hamı təbii örtüklü meydançada oynayar