Milli komandamızın baş məşqçisi: “Olimpiya çempionu olacağam” deyə bilən qadınların sayı azdır"

"Təəssüf ki, qızıl medal potensialı olan daha iki idmançımız, xüsusən də 66 kq-da Ruslan Paşayev səhvlərə yol verdi. Həmişə olduğu kimi, komandada bütün idmançılar eyni vaxtda öz potensialını göstərə bilmir".
"Mediasport" xəbər verir ki, bu sözləri kişi cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman deyib.
Mütəxəssis ilk olaraq komandamızın Avropa çempionatında çıxışı dəyərləndirib:
"İlk yarış günündə bir qədər məyus oldum. Amma Əhməd Yusifov bu səviyyədə ilk medalını qazandı ki, bu, müsbət irəliləyişdir. İkinci yarış günü isə məni sevindirdi. Əslində, Olimpiya və dünya çempionumuz Hidayət Heydərov tatamiyə çıxmalı idi, lakin son anda xəstələnərək yarışdan çəkildi. Hidayət Heydərovla bağlı plan budur ki, iİlk növbədə tam sağalmalı, sonra məsuliyyətli şəkildə hazırlığa başlamalıdır.
Onun əvəzinə qarışıq komanda heyətində olan Rəşid Məmmədəliyevi gətirdik və bürünc medal qazandı. Zədədən yeni qayıtdığını nəzərə alsaq, möhtəşəm çıxış etdi.
Üçüncü yarış günündə isə həm Zelim Tçkayev (81 kq) və Tato Qriqalaşvili ilə, həm də Murad Fətiyevin (90 kq) italyalı Kristian Parlati ilə yarımfinal döyüşündə verilən qərardan razı qalmadım. Amma razı olmasam da, qəbul etməliyik".
Almaniyalı çalışdırıcı qadın millimizin çıxışından da danışıb, ölkəmizdə qadın cüdosuna yanaşmanın dəyişməli olduğunu qeyd edib:
"Radikal dəyişiklikər olmasa da, bu istiqamətdə ciddi hədəflər qoymuşuq. Vəziyyəti olduğu kimi qəbul etmək niyyətində deyilik. Fransadan Amina Abdellatif və Almaniyadan Saşa Herkenrat kimi iki yüksək səviyyəli məşqçini qadın komandamız üçün gətirmişik. Əsas məqsəd yığmada atmosferi dəyişməkdir.
Qadın idmançının qələbə üçün özünəinamını inkişaf etdirməsi çox vacibdir. Potensial baxımından qadın cüdosu hələ məhduddur. Yüksək səviyyədə ciddi məşq edəcək və “Olimpiya çempionu olacağam” deyə bilən qadınların sayı azdır.
Federasiya qadın cüdosuna ciddi sərmayə yatırmaqda qərarlıdır. Lakin bu, sadəcə, məşq prosesi ilə həll olunmur. Cəmiyyətdə qadınların peşəkar idmanla məşğul olması daha çox dəstəklənməlidir.
Məsələn, Özbəkistandan Diyora Keldiyorova əslində çox yaxşı nümunədir. İlk olaraq qızlarımızın daha çox beynəlxalq təcrübəsini istəyirik. Fərdi inkişaf planlarını hazırlayırıq.
Əgər bir-iki qadın idmançımız elit səviyyəyə yüksəlsə, domino effekti yarana bilər. Kişilərdə bunu artıq müşahidə edirik. Əldə olunmuş uğurlar sayəsində indi daha çox oğlan cüdo ilə məşğul olmaq istəyir".
Qeyd edək ki, millimiz bir neçə gün öncə Monteneqroda başa çatmış Avropa çempionatında 5 medal qazanıb. Zelim Kotsoyev (100 kq) gümüş, Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc mükafat əldə ediblər.