"Qalib gəlmək istəyirsənsə, öncə qapını toxunulmaz saxlamağı bacarmalısan" - Qurban Qurbanov

"Qalib gəlmək istəyirsənsə, öncə qapını toxunulmaz saxlamağı bacarmalısan" - Qurban Qurbanov

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah Macarıstanda "Ferensvaroş"la keçiriləcək UEFA Çempionlar Liqası pley-off mərhələsinin ilk oyunundan öncə təşkil olunmuş mətbuat konfransında iştirak edib.

"Mediasport" xəbər verir ki, mütəxəssis hər iki komanda üzvlərinin çox istəkli olduğunu qeyd edib:

- Yenidən bu şəhərdə olmaq çox xoşdur. Hər iki komandaya uğurlar arzulayıram. Bizi çox istəkli rəqibə qarşı oyun gözləyir. Həm baş məşqçilərinin, həm futbolçuların açıqlamalarından hiss olunur ki, Çempionlar Liqasının Liqa mərhələsində oynamağı çox istəyirlər. Amma biz də bunu istəyirik. Sabah düzgün oynamağa çalışmalıyıq. Biz də istəkli olmalıyıq. İnanıram ki, azarkeşlər oyundan razı qalacaq. Yaxşı nəticə əldə etmək istəyirik.

3 il əvvəl "Ferensvaroş"la qarşılaşmısınız. Həmin komanda ilə indikini müqayisə edə bilərsiniz?

- Futbol elə oyundur ki, daim dəyişir. 2022-ci illə müqayisədə "Ferensvaroş"da çox şey dəyişib. Baş məşqçi, futbolçular. Bizdə də xeyli dəyişikliklər olub. Sabahkı matç hər ikimiz üçün maraqlı olacaq. Cavab oyununda bir-birimizi daha yaxşı tanıyacağıq. Sabah sona kimi mübarizə aparmağı bacarmalıyıq.

Sizcə, 3 il əvvəlki "Ferensvaroş" güclü idi, yoxsa indiki?

- "Ferensvaroş" həddindən artıq sürətli oynayır, hücuma çox sürətli çıxırlar. Bu komanda bizim əvvəl oynadığımız "Ferensvaroş"dan tam fərqli sistemdə oynayır. Daha dinamik bir kollektiv var. Baş məşqçi futbolçulardan sürətli oyun tələb edir. Biz daha çox topa sahib olmağa çalışırıq. Bizim üçün heç də asan olmayacaq. Amma bu cür rəqiblərə qarşı oynamışıq.

17 ildir "Qarabağ"dasınız. Bu illər ərzində futbolçular dəyişib, amma komandanın nəticələri həmişə yaxşı olub. Bunun səbəbi nədir?

- Sadəcə, olaraq meni dəyişmirlər. Ona görə 17 ildir buradayam.

Robbi Kin bildirdi ki, sabahkı oyunda əsas məqsədimiz qol buraxmamaqdır. Bəs sizin məqsədiniz nədir?

- Bəli, onun fikirlərini oxudum. Deyib ki, çox yaxşı hücum xəttimiz var. İstənilən an rəqib qapısına qol vura bilərlər. Bunu arxayın olaraq deyib. Belə oyunlarda qalib gəlmək istəyirsənsə, öncə qapını toxunulmaz saxlamağı bacarmalısan. Bu, çox vacibdir. Bununla yanaşı nəticə vermək üçün yaradıcı olmalıyıq. İlk məqsədiniz rəqibin qapısına qol vurmaqdır. Əlbəttə ki, qol buraxmasaq, yaxşı olar. Həm burada, həm də Bakıda maksimum hücumda olmağa çalışacağıq.

Kadi Borges sizə "Ferensvaroş" haqda məlumat verib?

- Xeyr, mən belə halları xoşlamıram. Bir az qeyri-etikdir. Mən və köməkçilərim rəqib haqda məlumat toplamışıq.