"Ümid edirəm ki, "Qarabağ" gözəl nəticə ilə Azərbaycana dönər"

"Ümid edirəm ki, "Qarabağ" gözəl nəticə ilə Azərbaycana dönər"

"Qarabağ" sabah UEFA Çempionlar Liqasının liqa mərhələsinə gedən yolda pley-offun ilk matçını səfərdə keçirəcək. Rəqib "Ferensvaroş"dur. Təmsilçimizə uğurlar arzulayıram və bu raunda qədər gəldikləri, azarkeşləri sevindirdikləri üçün təşəkkür edirəm".

Bu sözləri "Mediasport"a açıqlamasında AFFA-nın Texniki departamentinin Skautlar şöbəsinin rəhbəri Bəxtiyar Musayev deyib.

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi, veteran futbolçu "Qarabağ"ın çətin sınaq qarşısında olduğunu söyləyib:

"Ümid edirəm ki, təmsilçimiz gözəl nəticə ilə Azərbaycana dönər. Lakin "Qarabağ"ı həddindən artıq çətin oyun gözləyir. Hər bir komanda bu turnirin liqa mərhələsində oynamaq istəyər. Bu, bir şansdır. "Qarabağ"ı 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsində görmək çox xoş olardı. Allah yardımçımız olsun. İnşallah, iki oyunun nəticəsinə əsasən, "Qarabağ" qalib tərəf olar. Çünki böyük klubların Azərbaycana gəlməsində təmsilçimizin qələbə qazanması çox vacibdir".

Xatırladaq ki, sabah Budapeştdə reallaşacaq "Ferensvaroş" - "Qarabağ" dueli Bakı vaxtilə saat 23:00-da start götürəcək.

Komandalar avqustun 27-də Bakıda cavab qarşılaşmasına çıxacaqlar.