"Qarabağ"ın üzvü Serbiyanın Superliqa klubunda - FOTOLAR

"Qarabağ"ın heyətinə 2024-cü ilin yayında qatdığı qapıçı Sadiq Məmmədzadə karyerasını Serbiyada davam etdirə bilər.
"Mediasport"a verilən məlumata görə, "Səbail" akademiyasının yetirməsi Belqradda Superliqa təmsilçisi İMT-nin təlim-məşq toplanışına qatılıb.
Novi Belqradın U-19 klubunda baxışda olan və bir neçə yoxlama matçında meydana çıxan 19 yaşlı qolkiperin yayda "traktorçular"la müqavilə bağlayacağı gözlənilir.
Lakin Məmmədzadə İMT-nin əsas komandasında oynamağı düşünür. Gənc qapıçı bu məqsədlə mövsümün sonunda A komandada yoxlanışdan keçəcək.
Azərbaycanın U-19 millisinin üzvü səfər təssüratlarını bölüşüb:
"İnkişafıma dəstək olan "Qarabağ" mənə bu şansı yaratdı, onlara təşəkkür edirəm. Özümü yaxşı tərəfdən göstərdiyimi, təcrübəmi artırdığımı düşünürəm".
Qeyd edək ki, İMT 16 komandalı Superliqada 24 turdan sonra 26 xalla 14-cü pillədə qərarlaşıb.