"Siz hakimlərinizlə qürur duymalısınız" - Byörn Köypers

"İki gündür Bakıdayam. Burada olmaq çox gözəldir. Azərbaycan xalqı çox istiqanlıdır. Dəvətə görə AFFA rəhbərliyinə minnətdaram".
"Mediasport" xəbər verir ki, bu sözləri Bakıda səfərdə olan UEFA Hakimlər Komitəsinin üzvü, Talant və Mentor Proqramının rəhbəri, eyni zamanda, hakim-inspektor Byörn Köypers jurnalistlərə açıqlamasında deyib.
Bakıda hakimlər üçün seminar keçən niderlandlı mütəxəssis tədbirin yüksək səviyyədə təşkil edildiyini bildirib: "Bakı haqqında təəssüratlarım çox yaxşıdır. Seminarda Azərbaycanın 3 beynəlxalq dərəcəli hakimi də iştirak edirdi. Düşünürəm ki, bu, çox gözəl haldır. Azərbaycanlılar onlarla qürur duymalıdır".
Onun sözlərinə görə, referilər beynəlxalq oyunlara daha çox təyinat ala bilmək üçün günü-gündən səviyyələrini artırmalıdırlar: "Bu yolda əzmkarlıqla çalışmalısınız. Həm qadın, həm kişi hakimlərə yaxşı şərait yaratmaq lazımdır. Buna görə də hakimlərin sayını artırmaq üçün işlər görməyə davam etməliyik".