Premyer Liqada son 18 mövsümdə bir ilk

Azərbaycan Premyer Liqasının 2-ci turu qonaqların üstünlüyü ilə keçib.
"Mediasport" xəbər verir ki, altı oyundan beşində qonaqlar qələbə qazanıblar.
"Araz-Naxçıvan" "Turan Tovuz"a, "Sabah" "Şamaxı"ya, "Zirə" "Qəbələ"yə eyni - 2:1, "Karvan-Yevlax" "Kəpəz"ə 3:2, "Sumqayıt" "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlib. İmişli"nin qonağı olan "Neftçi" səfərdə xal itirib.
Meydan sahiblərinin eyni turun 5 matçında uduzması son 18 mövsümdə ilk dəfə qeydə alınıb.
Son belə hal çempionatın PFL bayrağı altında keçirilməyə başlamasından da əvvəl - 2007/08 mövsümündə yaşanıb.
2007-ci il dekabrın 1-2-də keçirilən 13-cü turun 7 oyununda qonaqlar 5 qələbə əldə ediblər.
Həmin vaxt "Neftçi" "ABN-Bərdə"ni, "Bakı" "Turan"ı eyni - 2:0, "Standard" "Gənclərbirliyi"ni 5:1, "Masallı" "Karvan"ı, "Olimpik" "Qarabağ"ı eyni - 1:0 hesabı ilə məğlub edib.
"Qəbələ" - "İnter" və "Xəzər Lənkəran" - "Simurq" görüşlərində meydan sahibləri üç xala seviniblər - hər ikisi 2:1.