TƏBİB-in direktoru Azərbaycan klubunu himayəsinə götürdü

Uzun illərdir diqqətdən kənarda qalan “Zaqatala”nın yeni himayədarının kimliyi məlum olub.
"Mediasport" "Sportinfo"ya istinadən xəbər verir ki, həmin şəxs Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovdur.
TƏBİB-in birinci şəxsi hələlik qeyri-rəsmi şəkildə bu işə nəzarəti öz üzərinə götürüb. Onun məsləhəti ilə iki tibb şirkəti və müəssisəsi I Liqada çıxış edən kluba maliyyə dəstəyi ayırmağa razılaşıb.
V.Qurbanovun "Zaqatala"ya isti münasibəti təsadüfi deyil. O, əslən elə bu rayondandır.
Yeni tərəfdaşların "yaşıllar"la bağlı planları genişdir. İddialı komanda formalaşdırmaq, infrastrukur layihələri həyata keçirmək, uşaq futboluna şərait yaratmaq niyyətləri var.
Tezliklə Zaqatala Olimpiya Kompleksinin stadionunda, həmçinin bazada yenidənqurma işlərinə başlanacaq. İlkin mərhələdə arenanın süni qazonu dəyişdiriləcək.
İstifadə müddəti çoxdan bitmiş meydança yenisiylə əvəzlənəcək, hakimlər və futbolçuların paltardəyişmmə otaqları təmirə bağlanacaq.
Komanda üzvlərinin qaldığı koteclərdə də kosmetik işlər aparılacaq.