"Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək

 "Turan Tovuz" İdman Arbitraj Məhkəməsinə müraciət edəcək

Avrokuboklardan bir mövsümlük kənarlaşdırılması qərarı açıqlanan "Turan Tovuz" bununla əlaqədar İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edəcək.

Bu barədə "Mediasport"a klubdan məlumat verilib.

Bildirilib ki, komanda haqqının bərpası üçün lazım olan bütün addımları atacaq:

"Klubumuz tərəfindən qərarın dəyişdirilməsi və bütün idman prinsipləri qorunaraq vəsiqə qazandığımız Konfrans Liqasında iştirakımızın təmin edilməsi üçün bu gündən etibarən bütün hüquqi addımlar atılacaq və İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət olunacaq".

Qeyd edək ki, komanda 2019-cu ildə I Divizionda çıxış edərkən 7 futbolçusu - Sənan Qocayev, Misir Rüstəmov, Emin Bağırov, İlkin Sadıqov, Rüfət Məmmədov, Eltay Tağıyev və Şahin Quluzadə danışılmış oyunlarla əlaqədar futboldan ömürlük kənarlaşdırılıb, klub haqda heç bir sanskiya qərarı açıqlanmayıb.