YOX-u VAR edən utanmazlar

YOX-u VAR edən utanmazlar

Yaxşı xatırlayıram, Frank De Blekere əla hakim idi. Dünyanın ən səviyyəli yarışlarında baş hakimliyini tv-lərdən canlı-canlı izləmişik.

Hətta Belçikanın son 30 ildə ən güclü FİFA referisi olduğunu deyə bilərəm.

Bir də var VAR - "Video assistant referee".

2018-ci ildən dünya futbolunda texnoloji yeniliklərə söykənən metod - qısaca, video köməkçi hakim. Loru dilə salsaq, futbol meydanlarında baş hakimlərin ani verdikləri qərarlarda ədalətin bərqərar olması və haqların yeyilməməsi üçün tətbiq edilən sistem.

Dünya səviyyəsində ən yaxşı hakimlərdən olmuş Frank De Blekere və ədalətsizliklərin qarşısını tam almağa kömək edən VAR. İkisi bir arada. Davam edək.

İndi bu vaxtilə əla hakim olduğunu düşündüyüm De Blekere müəllimlə ədaləti bərpa etməli VAR sisteminin tandemi, əslində, dünyanın çox yerində olduğu kimi, Azərbaycanda da müsbət nəticələr verməli idi. İdi...

AFFA-da əyləşən başbilənlər məşhur simanı qurumun Hakimlər Komitəsinə rəhbər təyin edəndə onun himayəsində olacaq ədalət təmsilçilərinin gündən-günə geriləyəcəyini, ədalətsiz, qərəzli qərarlar verəcəyini bilsəydilər, əminəm, belçikalını gətirməzdilər.

Frank De Blekere Azərbaycana gələndən hakimlərimizin olan-qalan səviyyəsi qat-qat aşağı düşüb, qat-qat!

Əliyar Ağayevin, Elçin Məsiyevin, Kamal Umudlunun və.s. hakimlərimizin ara-sıra UEFA-dan təyinat almalarına aldanmayın. Əminəm ki, bunu təşkil edən De Blekere və onun Avropadakı avtoritetidi.

Yoxsa Azərbaycan Premyer Liqasında HOQQA verən bu fit sahiblərinə nəinki avrokubok, heç Region Liqası matçlarını həvalə etməzlər!

Təkcə bir neçə gün əvvəl gənclərin Avropa çempionatında seçmə mərhələ oyunlarına çağırılan Kamal Umudlunun dünən Zirədə göstərdiyi biabırçı performansı UEFA-dan kim izləsə, inanın, bunların heç birini avrokuboklarda top daşımağa da buraxmazlar.

Bu adamlar avrokuboklarda yüksək səviyyəli idarəçilik edirlərsə, Azərbaycanda 180 dərəcə əksini göstərirlərsə, o zaman ortada bir aydın səbəb, izahlı əlaqə tapmaq lazımdı.

Necə olur ki, UEFA Çempionlar Liqasında yüksək səviyyədə oyun aparan Əliyar Ağayev bir neçə gün sonra və ya əvvəl Azərbaycan Premyer Liqasında biabırçı "uşaq səhvləri" edir? VAR ola-ola.

Yaxud UEFA-nın tez-tez təyinat göndərdiyi Kamal Umudlu necə olur ki, "Zirə" - "Neftçi" oyununun son saniyələrində özündən Amerika kəşf edərək rüsvayçılığa yol verir? Yoxdan VAR edən Umudlu özbaşına dağ boyda səhvə yol verir? Olmayan şeyi VAR edir? İnanmıram!

Mənə görə, bunun sadə izahı VAR - Qərəz! Sifariş də deyə bilərik, ədalətsizlik də, Allahsızlıq da. Buna bənzər hər adı qoya bilərik, səhvdən başqa. Bu, səhv deyil. Belə səhv olmur!

Umudlunun "Neftçi"nin qapısına təyin etdiyi penaltinin ölkəmizlə 7-8 saatlıq fərqlə Okeanın o tayından, Yeni Zelandiyadan da qurama olduğu gün kimi aydın görünür. Belə penaltiyə görə adamı asarlar e.

Və xüsusən cari mövsüm "Neftçi"nin əleyhinə çıxarılan bu qərarlar, silsilə rüsvayçılıqların hamısı VAR-ın olduğu yerdə baş verir. VAR var, amma sanki YOXdur.

Mən "Neftçi" rəhbərliyini qətiyyətsizlikdə qınayıram. Əminliklə deyirəm, onların yerinə olsaydım, Zirədəki biabırçılığa görə komandanı meydandan çıxarardım!

Qoy, bütün dünya görsün ki, Frank De Blekere və ardıcılları texnologiyanın qucağında hansı Allahsızlıqlara yol verib ədalətə tüpürürlər.

Elvin ƏHƏD