AMADA-nın "Təmiz idman" layihəsi bu dəfə Şəki şəhərində keçirildi
Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) "Təmiz idman" şüarı ilə antidopinq maarifləndirmə təbliğatını mütəmadi davam etdirir.
"Mediasport" xəbər verir ki, layihənin növbəti ünvanı Şəki şəhəri olub.
Şəki Olimpiya İdman Kompleksində dördüncü idman festivalı çərçivəsində iştirakçılar üçün antidopinq maarifləndirmə seminarı təşkil edilib.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən festivala 24 federasiyanı təmsil edən 104 idmançı qatılıb.
AMADA-nın Təhsil məsələləri üzrə aparıcı mütəxəssisi Qüdrət Səfərov idmançılara antidopinq qayda pozuntuları, dopinq nəzarəti prosesi, bu prosesdə idmançıların hüquq və öhdəlikləri, terapevtik istifadə üçün istisnalar, qadağan edilmiş maddələrdən istifadənin fəsadları, onların qəbuluna görə tətbiq olunan cəzalar, Qadağan edilmiş siyahı, məkan məlumatı və ADAMS sistemi kimi vacib mövzular barədə ətraflı məlumat verib.
Seminar yeniyetmə idmançıların həm fiziki, həm də mənəvi cəhətdən sağlam inkişafına töhfə verməklə yanaşı, idmanda ədalət prinsiplərinin möhkəmləndirilməsi məqsədi daşıyıb.
İdmançılara antidopinq qaydalarına riayət etməyin önəmi vurğulanıb, düzgün qərar qəbul etmək üçün lazım olan bilik və bacarıqlar diqqətə çatdırılıb.
İnteraktiv şəkildə keçirilən seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, bu sayca dördüncü idman festivalıdır. İlk festival 2022-ci ildə Şəkidə, 2023-ci və 2024-cü illərdə isə Qubada baş tutub.

