Azarkeşi palçığa layiq bilənlər, nə vaxta qədər susacaqsınız? - YAZI

 Azarkeşi palçığa layiq bilənlər, nə vaxta qədər susacaqsınız? - YAZI

2025-ci ilin aprelin 25-də - 1-ci liqada 23-cü turun oyunlarından sonra daha iki komandanın - "İmişli" və "Karvan-Yevlax"ın Premyer Liqaya vəsiqə qazanması dəqiqləşmişdi.

Bu gün tarix 2026-cı il yanvarın 24-nü göstərir. Yəni tam 9 ay əvvəl.

Bu müddətdə nələr etmək olmaz ki...

Ən alisi və üstünü bəşər övladının bu müddətdə, bəzən daha tez dünyaya gəldiyi reallığıdır.

Amma geridə qalan vaxtda Aran zonasını futbol elitasında yalnız sənəddə təmsil edən "İmişli"nin başqa reallıqları var.

Məsələn, elə 9 ay əvvəl doğma stadiondan köçkün düşmüş imişlililərlə paralel "Karvan-Yevlax"ın da infrastuktur problemi vardı.

Lakin yevlaxlılar AFFA ilə Peşəkar Futbol Liqasının (PFL) xoşməramlı güzəştlərindən yararlanaraq ən azından doğma şəhər stadionunu hazır vəziyyətə gətirib yurd-yuvalarına qayıtdılar, peşəkar futbol ab-havasını uzun illərdən sonra bölgəyə gətirdilər.

Nəticələri hər nə qədər bərbad və idarəetmələrində kifayət qədər qeyri-peşəkarlıqları olsa da, Yevlax təmsilçisinin bu istiqamətdə əməli fəaliyyəti təqdiəlayiq haldır.

Bəs "İmişli"? Az qala süpürgəçisi də Braziliyadan, Portuqaliyadan olan bu komanda geridə qalan 9 ayda heyətə əcnəbi gətirməkdən başqa nə işlə məşğul olub?

Kimdir onlara azarkeşlərinə bu cür saymazyana rəftar imtiyazları verən?

Hələ də Quba Olimpiya Kompleksinin palçıq stadionunda Premyer Liqa oyunlarını keçirməklərinə "ok"u basan kimdir? AFFA? PFL?

Geridə qalan 9 ayda aidiyyəti qurum (PFL) tərəfindən infrastruktur məsələlərinin həll edilməsinə dair bir neçə dəfə tapşırıq alan "İmişli"yə DUR deyən olmayacaq?

Yaxud bu aralar münasibətlərinin gərginləşdiyi AFFA ilə PFL nə vaxta qədər bu klubun saymazlığına, hörmətsizliyinə, qeyri-peşəkarlığına susacaq?

Çayxana təfəkkürü ilə idarə olunan və rəhbərinin, sponsorunun biznes-market kimi baxdığı komandanın çempionatda nəticələri qənaətbəxşdir deyə çıxıb İmişlinin kasıb azarkeşinin boynunda oturmalıdır?

Yoxsa bunlar elə düşünürlər ki, azarkeşləri doğma komandalarını Qubada görməkdən həzz alırlar?

Amma onlarda qəti günah yoxdur! Bu şıltaqlığa, ərköyünlüyə, hörmətsizliyə obyektiv və subyektiv səbəblərdən göz yuman cavabdeh qurumlar var - PFL və dolayısı ilə AFFA.

Mediasport.com.az