Təsadüfi qələbələrlə özünüzü də, milləti də aldatmayın - AYIBDIR!

Təsadüfi qələbələrlə özünüzü də, milləti də aldatmayın - AYIBDIR!

Deyirsən, pis olursan. Demirsən, biganə.

Artıq 20 ildən çoxdur eyni şeylər təkrarlanır, deyilir, yazılır...Dəyişən sadəcə adlar və zamandır.

Azərbaycan futbolunun kökündə, təməlində, infrastruktur formalaşdırılmasında ciddi heç bir dəyişiklik yoxdur.

Bu, 20 ildən çoxdur belədir.

Əvvəllər heç olmasa, hərdən Avropanın ortabab milli komandalarını büdrədir, məğlub edir, xal alırdıq. Artıq buna da bir neçə ildir həsrətik.

Ümidimizi, təsəllimizi Lixtenşteyn, Andorra, San Marino kimi "cırtdan"larda görürdük ki, bu da bizə çox olmağa başlayıb.

Yarımpeşəkar lixtenşteynlilərə 180 dəqiqəyə bir qolu güc-bəla ilə vururuq...

Yəni bu gün Azərbaycan futbolu milli səviyyəsində elə vəziyyətdədir ki, kimsə 40-50 min əhalisi olan ölkələrin yığmalarını asanlıqla məğlub edəcəyimizə də zəmanət verə bilmir.

Niyə? Çünki təməldə, kökdə, quruculuqda ciddi dəyişikliklər edilmir - belə deyək, hər şeyimiz var, heç nəyimiz yoxdur.

Yeganə doğru qərar komandada yerli məşqçinin çalışmasıdır.

Lakin bilinən, görünən, hər kəsə gün kimi aydın olan bir fakt da var - Ha Pep Qvardiola oldu, ha Ayxan Abbasov - təməl baza-infrastuktur olmadıqca ciddi nəsə gözləmək sadəlövhlükdür.

Bu gün Azərbaycanın 10-12-13-15 yaşlı uşaqları futbolu palçığın içində, betonun, stadion adı ilə asfaltın üstündə oynayır.

Gələcəyimiz hesab etdiklərimiz bu gün həqiqətən dünyanın futbol xəritəsində görünməyən-olmayan Əfqanıstana, Suriyaya, nə bilim Butana uduzur e. Siz hansı başla nəyin xəyalını edirsiniz? AVRO-2028-ə getmək istəyirsiniz? Utanmırsınız? Hansı üzlə, nə ilə?

Kimlə getmək istəyirsiniz Avropa nəhənglərinin yarışına - Xaybula, Aleksey, Mezzotero, Kamara, Bədavi, Anatoli, Şahruddinlə?

Ən yaxşı saydıqlarımız 2-3 metrdən qapıya zərbə vura bilmir e, nəyin keyfini yaşayırsınız? Nə yeyirsiniz, nə içib-çəkirsiniz siz?

Qələbə qələbədir, söz yox. Mən də təbrik edirəm! Amma...

Amma təkrar etməkdən iyrənsək də, dilimiz yara olsa da, deməkdə davam edəcəyik: xam xəyallara qapılıb təsadüfi qələbələrlə özünüzü, milləti aldatmayın! Ayıbdır!

Elvin ƏHƏD