"Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq"
“Mənə göstərilən böyük etimada görə Peşəkar Futbol Liqasının üzvü olan bütün klublarımıza, bizə dəstəyini əsirgəməyən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına, şəxsən AFFA-nın prezidenti cənab Rövşən Nəcəfə təşəkkürümü bildirirəm".
"Mediasport" xəbər verir ki, bu sözləri yenidən Peşəkar Futbol Liqasına (PFL) prezident seçilən Elxan Səmədov deyib.
O, təəssüratlarını bölüşüb və qarşıda dayanan hədəflərdən danışıb:
"Çalışdığım müddətdə futbol ailəsinin, media nümayəndələrinin diqqətini, dəstəyini görmək, həmrəyliyini hiss etmək həmişə əlavə güc verib.
Komandamla birlikdə əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, bizə bəslənilən bu yüksək inamı əməli fəaliyyətimizlə tam şəkildə doğruldaq.
İnanıram ki, AFFA, eləcə də futbol ailəsinin hər bir üzvünün qarşılıqlı dəstəyi nəticəsində vahid məqsəd ətrafında birləşərək, ortaq səylərimizlə Azərbaycan futbolunu daha uğurlu və peşəkar səviyyəyə qaldıracağıq”.
Xatırladaq ki, E.Səmədov PFL-ə 2022-ci ildən rəhbərlik edir.


