Azərbaycan idmançıları "Prezident Kuboku-2025"də 14 medal qazandı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş "Prezident Kuboku-2025" beynəlxalq reqatasına yekun vurulub.
"Mediasport" xəbər verir ki, Mingəçevirdə yerləşən "Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan yarışın son günündə müxtəlif məsafələrə kayak-kanoe və akademik növdə mübarizə baş tutub.
İvan Vorobyanski/Hüseyn Həsənov cütlüyü (2009-2010) 200 metr məsafəyə kayak yarışında gümüş, eyni yaş kateqoriyasında Vacib Babayev/Nuran Rəhimli tandemi isə bürünc mükafata sahib çıxıb.
Eyni növdə Əziz Əhmədli/Kamal Tağıyev cütlüyü (2011-2012) ikinci, Sənan Cəfərzadə/Tahir Mövsumov dueti (2011-2012) isə üçüncü yeri tutub.
Nurlan Paşayev/Cahangir Məmmədli cütlüyü isə (2006-2007) akademik avarçəkmədə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Beləliklə, son gündə 1 qızıl, 3 gümüş və 5 bürünc medal əldə edən Azərbaycan avarçəkənləri turniri 14 medalla tamamlayıblar.