"Bu təlim-məşq toplanışında istədiyim nəticələri gördüm"

"Bu təlim-məşq toplanışında istədiyim nəticələri gördüm"

"Ümumilikdə komandanın son iki oyunundan razı qaldım. Qarşıda bizi seçmə mərhələ oyunları gözləyir. Bu təlim-məşq toplanışında istədiyim nəticələri gördüm".

"Mediasport" xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş deyib.

Portuqaliyalı mütəxəssis yığmamızın Macarıstanla keçirdiyi yoldaşlıq oyunundan sonra təşkil olunan mətbuat konfransında fikirlərini bölüşüb:

"Oyuna yaxşı başlamadıq, erkən qol buraxdıq. Bərabərlik qolunu vurandan sonra balanslı oyun getdi. Rəqib çox yaxşı, keyfiyyətli oyunçulardan ibarətdir. Futbolçularımı sonadək inandırmağa çalışdım ki, bərabərliyi təmin edə bilərlər. Lakin yorğunluq var idi. Komandada çatışmazlıqlar var və biz bunun üzərində işləyirik. Çalışırıq ki, daha çox inkişaf edək. Əvvəlki ilə müqayisədə bu dəfə yaxşı mübarizə apardıq".

Qeyd edək ki, Azərbaycan yığması yoldaşlıq görüşləri çərçivəsində iyunun 7-də səfərdə Latviya ilə bərabərə qalıb (0:0), bu gün Bakıda Macarıstan millisinə məğlub olub (1:2).