"Çox yaşa, "Barselona" - VİDEO

"Çox yaşa, "Barselona" - VİDEO

"Çətinliklərlə və sıx qrafiklə dolu 4 ilin sonunda artıq bu qərarı vermənin zamanı gəlib çatdı. Vəzifəmi tamamladığımı hiss edirəm: 4 mövsüm və 3 çempionluq".

"Mediasport" xəbər verir ki, bu sözləri "Barselona"nın hücumçusu Robert Levandovski sosial şəbəkə hesabında etdiyi paylaşımda yazıb.

Polşalı forvard cari mövsümün sonunda Kataloniya təmsilçisi ilə sona çatacaq müqaviləsini yeniləməyəcək və azad agent statusuna sahib çıxacaq.

O, bu qərarı ilə bağlı paylaşımında aşağıdakı sözlərə də yer verib:

"4 il müddətində burada tanıdığım hər bir kəsə təşəkkür edirəm. Həyatımın ən gözəl illərini burada keçirtmək fürsətini mənə verən klub prezidentinə xüsusilə minnətdaram. Çox yaşa, "Barselona"! Çox yaşa, Kataloniya!"

Levandovski 2022-ci ilin yayında "Bayern"dən La Liqa təmsilçisinə keçib. O, bu müddətdə bütün turnirlər daxil olmaqla, 191 oyuna çıxıb, 119 qol vurub və 24 məhsuldar ötürmə edib.

Robert "Barselona" ilə 3 dəfə İspaniya çempionatının, 3 dəfə İspaniya Superkubokunun, 1 dəfə isə Kral Kubokunun qalibi olub.

Rövşən ƏLİSOY