"Əgər inkişaf görünməsə, əlbəttə, lazımi addımları atacağıq"

"Əgər inkişaf görünməsə, əlbəttə, lazımi addımları atacağıq"

"Öz hakimlərimizə inanmalı, etimad göstərməliyik. Əlbəttə, yanlış qərarları səhv kimi qəbul edirik. Çıxıb “bundan sonra heç bir xəta olmayacaq” desək, səmimiyyətdən uzaq görünər".

"Mediasport" xəbər verir ki, bu sözləri AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov deyib.

Qurum rəsmisi AFFA Hakimlər Departamenti və Hakimlər Komitəsi tərəfindən Oyun Qaydaları və VAR Protokolundakı son dəyişikliklərlə bağlı media nümayəndələri üçün təşkil olunan görüşdə jurnalistlərə açıqlama verib.

Mütəxəssis hakimlərin fəaliyyəti, VAR instruktorluğu və yeni layihələr haqqında danışıb:

"Biz də futbolun bir hissəsiyik, heç bir rəsmi qarşılaşma hakimsiz keçirilə bilməz. Yanlışlıqlar olduqda onların üzərində işləyirik.

Klublar futbolçularla çalışdığı kimi, biz də komitə olaraq refərilərlə məşğul oluruq.

Hazırda 250-dən çox hakimimiz var. Onların arasında nə dostum, nə qardaşım, nə də hər hansı qohumum yer alır.

Bütün hakim heyətinə eyni gözlə baxıram və komitə daxilində şəxsi münasibətlərin rol oynamasına imkan vermərəm.

Əsas odur ki, bu prosesdən Azərbaycan futbol hakimliyi qazansın. Əgər inkişaf görünməsə, əlbəttə, lazımi addımları atacağıq".