"Hardasa bəzi səhvlər buraxdıq, vacib xallar itirdik" - Riad Rəfiyev

 "Hardasa bəzi səhvlər buraxdıq, vacib xallar itirdik" - Riad Rəfiyev

"Mövsümün ilk yarısını qənaətbəxş hesab edirik. Komanda hazırda turnir cədvəlində 3-cü pillədən 1 xal geridədir. Əlbəttə bəzi oyunlar oldu ki, xalla itirdik, daha yaxşı çıxış edə bilərdik. Qış fasiləsində daha da güclənməyimizə ehtiyac var".

Bu sözləri "Mediasport"a açıqlamasında "Sumqayıt"ın prezidenti Riad Rəfyev deyib.

"Gənclik şəhəri" təmsilçisinin rəhbəri komandasının qış fasiləsinədək olan çıxışlarını dəyərləndirib:

"Hardasa bəzi səhvlər buraxdıq, vacib xallar itirdik. Buna baxmayaraq, komandanın 1-ci turdan üzü yuxarı inkişaf tempi ilə irəlilədiyini düşünürəm. Xüsusilə oyun keyfiyyəti baxımından inkişafı qeyd etmək istəyirəm. Bu, vacib məqamdır. Ümid edirəm ki, mövsümün ikinci yarısını eyni templə davam etdirərək daha çox xal qazanarıq".

"Sumqayıt"ın bugünlərdə hazırlıq üçün Türkiyəyə toplanışa gedəcəyini bildirən Riad Rəfiyev komandanın fasilədən maksimum yararlanaraq daha da güclənəcəyinə inandığını qeyd edib:

"Türkiyədə 3 yoxlama oyunu nəzərdə tutulub. Fürsətdən istifadə edib heyəti gücləndirməyə çalışacağıq. İnanıram ki, istədiyimiz transferləri edə biləcəyik. Komanda həm çempionat, həm də kubokda maksimum irəliləmək üçün güclənməlidir. Sona qədər vuruşacağıq. Təkcə nəticə yox, eyni zamanda gözəl oyun sərgiləmək istəyirik. Ümid edirəm ki, bizdə alınacaq".

O, komandada gənc yerli futbolçulara şans verməkdə davam edəcəklərini açıqlayıb:

"Gördüyünüz kimi, mövsümün əvvəlindən bu yana yerli uşaqlara şans verdik, güvəndik. Oyunlarımızın əksəriyyətində əsas heyətdə meydana 4 futbolçu çıxıb. Bu yerlilərin çoxu bizim akademiyamızın yetirmələridir. Səbuhi Abdullazadə, Nadir Orucov, yaxud qapıçımız Xəyal Fərzullayevin adını çəkə bilərəm. Bu yolda davam etməyə çalışacağıq".