"Hava xoşuna gəlmədisə, 5 dəqiqə gözlə, dəyişəcək" - İslandiyadan XÜSUSİ REPORTAJ+FOTOLAR

"Hava xoşuna gəlmədisə, 5 dəqiqə gözlə, dəyişəcək" - İslandiyadan XÜSUSİ REPORTAJ+FOTOLAR

"Buzlar ölkəsi" İslandiyada gün ərzində hava şəraiti o qədər dəyişik cərəyan edir ki, yerli əhalinin dilində həqiqətən belə bir deyim var:

"Hava xoşuna gəlmədisə, 5 dəqiqə gözlə, dəyişəcək".

İsti Bakıdan AFFA və "Misli"nin dəstəyilə 10 min metr hündürlüklə - təxminən 7 saat yarımlıq birbaşa uçuşla çatdığımız Keflavik şəhəri paytaxt Reykyavikdən 48 km aralıda yerləşir.

Burada yay fəslinin necə keçdiyini görməsəm də, hazırda temperatur yüksək deyil, dəyişkən iqlimin müşahidəsi ilə müsbət 8-14 dərəcə arasında dəyişir.

Atlantik okeanının tam sahilində yerləşən bu qeyri-adi, maraqlı, təmiz, səliqəli şəhər bizi Keflavikdən Reykyavikə gələrkən minik avtomobillərin hədsiz çoxluğu ilə təəccübləndirdi.

Nəzərə alsaq ki, paytaxt Reykyavikin əhalisinin sayı 140 min nəfəri keçmir - şəhərdə avtomobil sayı Bakı ilə müqayisədə kifayət qədər yüksəkdir.

Avropanın ən bahalı ölkələri sıralamasında ilk "10-luq"da qərarlaşmış İslandiyada - xüsusən Reykyavikdə ilk təəssüratlarıma əsasən deyə bilərəm ki, yetərincə turist var. Konkret beynəlmiləl ölkə də deyə bilərik.

Azərbaycan milli komandası ilə birlikdə ümumi qarşılanmamız xoş təəssüratlar yaratsa da, "qonaqpərvərliklərini" meydanda göstərməsələr, yaxşıdır.

Fernandu Santuşun rəhbərlik etdiyi A yığmamız sentyabrın 5-də Reykyavikdə yerləşən “Lauqardalsvollur” stadionunda İslandiya futbolçularının qonağı olacaq.

Dünya çempionatı-2026-nın seçmə qrup mərhələsinin ilk turu çərçivəsində keçiriləcək görüşdə müsbət nəticə komandamız üçün nə qədər böyük əhəmiyyət kəsb edirsə, xüsusilə futbolu son 10 ildə sürətli şəkildə inkişaf etmiş islandlarla duelin xeyli ağır və çətin keçəcəyini indidən proqnozlaşdıra bilərik.

Hər bir halda bizə ümid etmək qalır.

Elvin ƏHƏD, Bakı-Reykyavik