“Heydər Əliyev kuboku-2026”: 16 boksçumuz finala vəsiqə qazandı
Bakıda yeniyetmə oğlan boksçular arasında “Heydər Əliyev kuboku-2026” beynəlxalq turnirində yarımfinal mərhələsi yekunlaşıb
"Mediasport" xəbər verir ki, 8 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin 16 idmançısı finalda iştirak hüququ qazanıb.
Həlledici görüşdə 44 kq, 46 kq, 50 kq, 52 kq, 57 kq və 80 kq-da təmsilçilərimiz bir-biri ilə üz-üzə gələcəklər.
12 boksçumuz isə artıq bürünc medalı rəsmiləşdirib. Rəvan Həşimov (44 kq), Yusif Hüseynov (46 kq), Nizami Əliyev (48), Rəsul Babazadə, Sahib Baxışlı (hər ikisi 50 kq), Mirtahir Əhmədli (52 kq), Elcan Musazadə (54 kq), Aydın Əliyev, Tunar Mehdiyev (hər ikisi 60 kq), Yusif Məmmədli (66 kq), Hidayət Məmmədov (70 kq) və Mehran Rəsulov (+80 kq) turniri 3-cü pillədə başa vurublar.
Bakı Boks Mərkəzində keçirilən yarışın final görüşləri mayın 7-də, saat 13:00-da start götürəcək.
Qeyd edək ki, bu gün başa çatan qız boksçuların mübarizəsində Azərbaycan millisi 3 qızıl, 4 gümüş və 10 bürünc medal qazanıb.
