"Milli Mətbuat - 150": İdman jurnalistləri arasında yarış oldu

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyası Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələri arasında velosiped yarışı təşkil edib.
"Mediasport" xəbər verir ki, Veloparkda keçirilən tədbirdə 40-a yaxın media nümayəndəsi öz fiziki hazırlığını və idmana olan marağını nümayiş etdirib.
Əvvəlcə yarımfinal yürüşləri keçirilib və finalçılar müəyyənləşib.
Həlledici mərhələdə qadınlar arasında Nazilə Əhmədova (Real TV) bütün rəqiblərini qabaqlamaqla yarışın qalibi olub.
Aysu Haqverdiyeva (Baku TV) 2-ci, Vüsalə Səid isə 3-cü yeri tutub.
Kişilər arasında Feyruz Rəhimov (CBC TV) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Abbas Nəsirov (Baku TV) və Ümid Süleymanov (İdman TV) müvafiq olaraq 2-3-cülük əldə ediblər.
Yarışda fərqlənən media nümayəndələrinə mükafatları Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti Zaur Axundov təqdim edib.
Tədbirin bütün iştirakçılarına xatirə sertifikatları verilib.
Tədbir çərçivəsində Azərbaycanın velosiped idmanı üzrə yığma komandasının yeni formasının təqdimatı da olub.