Milli Paralimpiya Komitəsinin yubiley sərgisinin açılışı oldu
Milli Paralimpiya Komitəsinin (MPK) 30 illik yubileyi münasibətilə fotosərgi açılıb.
"Mediasport" xəbər verir ki, “Crescent Mall”da təşkil olunan tədbirdə Milli Paralimpiya Komitəsinin rəhbərliyi və əməkdaşları, Gənclər və İdman Nazirliyinin rəsmiləri, Paralimpiya çempionları və mükafatçıları, yeniyetmə və gənc paralimpiyaçılar, məşqçilər, idman ictimaiyyətinin nümayəndələri, media nümayəndələri, sərgidə nümayiş olunan fotoların müəllifləri olan fotoqraflar və digər qonaqlar iştirak ediblər.
Fotosərginin əsas məqsədi Milli Paralimpiya Komitəsinin 30 illik fəaliyyət yolunu, Azərbaycan paralimpiya hərəkatının inkişaf tarixini, ölkəmizi beynəlxalq arenada təmsil edən Paralimpiya çempionları və mükafatçılarının nailiyyətlərini ictimaiyyətə təqdim etməkdir.
Sərgidə Azərbaycan paralimpiya hərəkatının müxtəlif inkişaf mərhələlərini, Paralimpiya çempionları və mükafatçılarının beynəlxalq yarışlardakı çıxışlarını, qazandıqları medalları və yaddaqalan idman anlarını əks etdirən fotolar nümayiş olunur.
Eyni zamanda, Azərbaycan paralimpiya hərəkatının gələcəyini formalaşdıran yeniyetmə və gənc paralimpiyaçıların fotolarına da sərgidə xüsusi yer verilib.
Sərgi iki həftə ərzində ziyarətçilər üçün açıq olacaq.

