Millimizin futbolçusu məşqçilərlə xoşagəlməz olay yaşadı, peşəkar karyerasını 28 yaşında başa vurdu

“Əslində, oynamaq istəyərdim, ancaq həm komanda daxilində, həm də komandanın başında duran şəxslərlə müəyyən xoşagəlməz şeylər oldu”.
"Mediasport" xəbər verir ki, bu fikirləri qadınlardan ibarət Azərbaycan milli komandası və klubda çıxışını başa vurmuş Aysun Seydiyeva deyib.
Son olaraq "Neftçi"də çıxış edən futbolçu “CBC Sport” telekanalında yayımlanan “Start” verilişində karyerasını 28 yaşında başa vurduğunu açıqlayıb:
“Bundan əvvəl bir dəfə də karyeramı başa vurmaqla bağlı açıqlama vermişdim. Ancaq sonradan müəyyən insanların məsləhəti ilə fikrimi dəyişdim.
Soçidəki təlim-məşq toplanışından qabaq milli komandadan ayrılmaqla bağlı müəyyən düşüncələrim olduğu üçün ora getmək istəmirdim.
Bu haqda baş məşqçi ilə də danışmışdım və onun da vəziyyətdən xəbəri var idi. Ancaq o deyirdi ki, hər şey yaxşı olacaq, sənə inanırıq.
Bu söhbətdən sonra təlim-məşq toplanışına qatıldım. Artıq əvvəlcədən bitirmək qərarını verdiyim üçün oradakı ab-hava mənə xoş gəlmədi”.
Artıq üç aydır ki, həm yığma, həm də klubla yollarımı ayırmışam. Sadəcə, özüm üçün individual fitnes məşqləri edirəm.
Futbol üçün darıxanda isə məhlədə balaca uşaqlarla futbol oynayıram”.
Qeyd edək ki, Aysun "Sabah"ın cinah müdafiəçisi Amin Seydiyevin həyat yoldaşıdır.
Azərbaycan çempionu və Yüksək Liqanın bombardiri olmuş Seydiyeva Türkiyə, Qazaxıstan və Rusiyada legioner həyatı yaşayıb.