“Neftçi” rəsmisi yayılan iddialara cavab verdi: “Bunun adı böhtandır”

“Neftçi” rəsmisi yayılan iddialara cavab verdi: “Bunun adı böhtandır”

“Neftçi” qapıçı Kenan Piriçin agenti Admir Husariçin səsləndirdiyi fikirlərə münasibət bildirib.

"Mediasport" xəbər verir ki, paytaxt klubunun media üzrə koordinatoru Rüstəm Əfsərli "Teleqraf"a bildirib ki, Husariç artıq bosniyalı qolkiperin agenti deyil.

Onun sözlərinə görə, Piriç bir müddət əvvəl Husariçlə əməkdaşlığa son qoyub:

“Futbolçumuz bir müddətdir onunla əlaqəni kəsib və əməkdaşlığa son qoyub. Belə hesab edirik ki, bu cür açıqlamalar şəxsi maraqlara qulluq etməklə ya kimlərinsə diqqətini cəlb etmək, ya da klub daxilindəki ab-havanı korlamağa cəhdə hesablanıb. Amma nə klub, nə də Piriç bu açıqlamalardan narahatdır”.

Əfsərli vurğulayıb ki, komandada qapıçı mövqeyi uğrunda sağlam rəqabət mövcuddur:

“Kenan da bu rəqabətin içindədir və komandanın uğurları üçün əlindən gələni etməyə çalışır. Kimin meydana çıxmasına isə baş məşqçi qərar verir”.

Klub rəsmisi Husariçin Emil Balayevlə bağlı səsləndirdiyi iddialara da cavab verib:

“O ki qaldı Emil Balayevin ‘simulyasiya’ məsələsinə... Bunun bir adı var – böhtan. Hər kəs gördü ki, Emil bir epizodda xəsarət aldı və hətta tibbi yardıma da ehtiyac duydu.

Baş məşqçi isə mümkün ciddi zədə riskini nəzərə alıb onu fasilədə əvəzləmək qərarı verdi. Ötən bir həftə ərzində Balayev lazımi müalicəni alıb və hazırda komanda ilə birlikdə məşq edir”.

Qeyd edək ki, Admir Husariç daha əvvəl verdiyi müsahibədə “Neftçi”də yerli qapıçılara münasibətlə bağlı tənqidi fikirlər səsləndirmişdi.

Bosniya və Herseqovinalı qolkiper "Neftçi"yə 2025-ci ilin yayında transfer olunub. Onun paytaxt klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.