"Nyukasl" Azərbaycan qaydalarını azarkeşlərinin diqqətinə çatdırdı
Fevralın 18-də UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Bakıya səfər edəcək İngiltərənin "Nyukasl Yunayted" klubu ölkəmizə gələcək azarkeşlərinə əməl etməli olduqları qaydalarla bağlı çağırış edib.
"Mediasport" xəbər verir ki, Azərbaycana səfər edəcək azarkeşlər üçün Bakı haqqında məlumatlar hazırlanıb.
Qeyd olunub ki, Bakıya yollanacaq azarkeşlər ölkəyə daxil olmaq üçün viza almalıdırlar:
"Viza müraciətinin baxılması və təsdiqi üçün təxminən bir həftə vaxt ayırmalısınız. Orada yerli valyuta manatdır (AZN). Visa/Mastercard bankomatları mövcuddur. Bakıda kart və təmassız ödənişlər geniş istifadə olunur.
Hava limanından şəhər mərkəzinə təxminən 20–30 dəqiqə çəkir. Yerli taksilərdən daha ucuz ola biləcək etibarlı mobil tətbiqlərdən istifadə edə bilərsiniz. Metro səhər saat 06:00-dan gecə 00:00-dək fəaliyyət göstərir".
Məlumatda "Qarabağ"la oyunun keçiriləcəyi stadion, ünvana yollanmaq variantları da yer alıb:
"Tofiq Bəhramov adına Respublika stadionuna taksi ilə gedə bilərsiniz, lakin nəzərə alın ki, stadionun ətrafındakı yollar bağlanacaq. Metrodan istifadə etmək üçün "BakıKart" almaq lazımdır.
Kartı istədiyiniz qədər gedişlə yükləyə bilərsiniz və bu, şəhərdə hərəkət etmək üçün rahat üsuldur. Tək gediş etmək istəsəniz belə, "BakıKart" tələb olunur".
Klub arenada qaydalara riayət olunmasının vacibliyini qeyd edib:
"Bakıda yerli polis stadionun fəaliyyəti və azarkeşlərin idarə olunmasına ümumi nəzarəti həyata keçirir. Əgər saxlanılsanız, Böyük Britaniya səfirliyi ilə əlaqə yaratmağa çalışın. Şəhidlər xiyabanı xüsusilə həssas məkandır və hörmətsiz davranış polis müdaxiləsinə səbəb ola bilər".
Azarkeşlərə xuliqanlıq hadisələri ilə bağlı xəbərdarlıq edilib, Ramazan ayı münasibətilə oruc tutacaq insanlara qarşı diqqətli olmaları vurğulanıb:
"Hər hansı şəhərə səfər etdiyiniz kimi, cibgirlik hallarına qarşı diqqətli olmaq və ayıq-sayıq davranmaq vacibdir. Hava limanında, dəmiryol stansiyalarında, şəhər mərkəzində və ictimai nəqliyyatdan istifadə edərkən ehtiyatlı olun.
Ramazan ayının 17 fevral axşamı başlaması, orucun isə 18 fevral çərşənbə günü sübh vaxtından etibarən tutulması gözlənilir. Bu dövrdə oruc tutan yerli sakinlərə və mədəniyyətə hörmətlə yanaşmağınız xahiş olunur".
Görüş saat 21:45-də start götürəcək.
