Nazir və federasiya prezidenti milli komandanın məşqini izlədi - FOTO

Nazir və federasiya prezidenti milli komandanın məşqini izlədi - FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan yığmasının məşqində olub.

"Mediasport" xəbər verir ki, GİN-in Voleybol Mərkəzində təşkil olunan məşqi Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov da izləyib.

Nazir məşqdən sonra millimizin üzvləri ilə söhbət edib.

O, voleybolçularımızın hazırkı vəziyyətləri ilə maraqlanıb, həmçinin təlim-məşq toplanışı barədə məlumatlandırılıb.

Fərid Qayıbov avqustun 21-də start götürəcək Avropa çempionatında millimizin qrup mərhələsini adlayaraq pley-offa vəsiqə qazanacağına inamını bildirib və voleybolçularımıza uğurlar arzulayıb.

Sonra nazir Fərid Qayıbov millimizlə xatirə şəkli çəkdirib.

Qeyd edək ki, millimiz C qrupunda mübarizə aparacaq. Komandamız qrup mərhələsində Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya yığmaları ilə qarşılaşacaq.

Bakıdakı oyunlar 21-28 avqust tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək.