"Qarabağ" yalnız çempionluğu və kubok qazanmağı hədəfləmir

"Qarabağ" yalnız çempionluğu və kubok qazanmağı hədəfləmir

Azərbaycan futbolunda uğurlu sistem və müsbət davamiyyət anlayışları hələ də nadir hallarda eyni cümlədə işlədilir.

Bu mənada son illərin təcrübəsinə baxsaq, Azərbaycanı dünya arenalarında uğurla təmsil edən "Qarabağ"ın klub və komanda kimi fərdi nailiyyətlətdən daha çox, uzunmüddətli strategiya və oturuşmuş sistemə kökləndiyini müşahidə etmək olar.

Ağdam klubunun qarşıdakı mövsümə hazırlığını da gələcəyə hesablanan strategiyanın davamı kimi qiymətləndirə bilərik.

Klub yeni mövsümə əvvəlki illərlə müqayisədə bir qədər də geniş heyət və daha böyük imkanlarla hazırlaşır.

Artıq komandaya bir neçə yeni legioner cəlb olunub və transfer çalışmalarının davam etdiyi məlumdur.

Bununla belə, bütün məsələnin yalnız transferlərlə yekunlaşdırılmadığı da xüsusi qeyd edilməlidir.

"Atlılar"ın xüsusən son onillikdə əldə etdiyi nəticələrin arxasında dayanan sabit idarəetmə modeli, dəyişməyən idman strategiyası və uzunmüddətli planlaşdırma belə deməyə əsas verir ki, hədəf hərtərəfli inkişafdır.

Azərbaycan kimi futbolda uğurdan qıt ölkədə tez-tez müşahidə olunan kəskin kurs dəyişiklikləri, qısamüddətli qərarlar və nəticəyə hesablanmış addımlar fonunda "Qarabağ", əlbəttə, çox fərqli görünür.

İllərdir ki, komandada daha çox ardıcıllığa üstünlük verən model, sistem formalaşdırılıb.

Təbii ki, seleksiya bu mənada mühüm məqamlardandır.

Məsələn, klub uzun illərdir Avropa bazarından münasib maliyyə şərtləri ilə potensiallı futbolçuları cəlb edir, onları sistemə uyğunlaşdırır və yeri gələndə kifayət qədər yüksək məbləğə ixrac edir.

Məhz "Qarabağ"da parlayıb Avropanın çox klubunun diqqət mərkəzinə düşən onlarla ad çəkmək olar.

Seleksiya proseslərində belə yanaşma klubun həm idman nəticələri, həm də iqtisadi dayanıqlılığı baxımından da vacib rol oynayır.

Təsadüfi deyil ki, son mövsümdə "Qarabağ"ın ümumilikdə gəlirləri 70 milyon manatdan çox təşkil edib.

Eyni zamanda, komandanın oyun üslubu və strukturunda illərdir qorunan sabitlik də diqqət çəkir:

Klub idarəçilərinin, xüsusilə illərdir Azərbaycan futboluna uğurla xidmət edən Tahir Gözəl, Əmrah Çəlikəl, Asif Əsgərov kimi peşəkar kadrların məşqçilər korpusu ilə sərhədsiz etimad və etibar körpüsü qurması, komandadaxili güclü nizam-intizam, birlik, akademiyaya xüsusi diqqətin ayrılması, daxili seleksiya prinsiplərində ədalətlilik və idarəetmə mexanizmləri arasında formalaşmış uyğunluq "atlılar"a hər mövsümə sıfırdan başlamaq məcburiyyəti yaratmır, yalnız bəzi kosmetik dəyişikliklərə ehtiyac duyulur.

Rəhbərliyin son mövsümdə də verdiyi çoxsaylı açıqlamalarına istinad etsək, yeni mövsümdə qarşıya qoyulan vəzifələr əvvəlkilərdən fərqlənməyəcək: ölkədaxili yarışlarda iddialı olmaq və avrokuboklarda mümkün qədər irəli getmək.

Lakin əminliklə demək olar ki, "Qarabağ"da ötən mövsüm daxili yarışlarda əldən verilən titulların geri qaytarılması başlıca prioritet deyil, hədəf uzun illər ərzində formalaşmış strategiyaya uyğun qaydada davamlı uğurlar qazanmaqdır.

Mediasport.com.az